QHT-lərin əhatə dairəsi genişlənir

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Ekoloji problemlərin həlli və qlobal istiləşmə ilə mübarizə prioritet məsələdir

  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun təşkilatçılığı ilə rəsmi şəxslərin və 200-ə yaxın ictimai birlikdən təmsilçilərin də iştirakı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”keçirilib.
"Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları" və "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında 3 əsas panel üzərindən keçirilən Forumun proqramında Azərbaycan QHT-lərinin beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsinə də xüsusi yer ayrılıb.
  Şərqi Zəngəzur İqtisadi rayonunda keçirilən tədbirin açılışında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev son illər Azərbaycan vətəndaş cəmiyyətində baş verən mühüm dəyişiklikləri və onlara göstərilən diqqət və etimadı vurğulayıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsi olaraq vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin ictimai həyatında mühüm rol oynaması və xüsusi yerə sahib olduğu da ayrıca qeyd olunub. Milli QHT Forumunun yeni seçilmiş rəhbəri Ramil İsgəndərlinin çıxışı da özünəməxsusluğu ilə yadda qalıb.
  Forumun panel moderatorları və çıxışçıları da öz nitqləri ilə tədbirə ayrı bir dəyər qatıblar. Ölkənin tanınmış Qeyri Hökumət Təşkilatlarının nümayəndələri xalqımızın qürurunu özünə qaytaran Böyük Qələbə sevinci ilə bir çox mühüm məsələlərə dair fikir mübadiləsi apardılar, ümumi həmrəylik mühitində demokratik düzənin ən vacib seqmentlərindən olan Vətəndaş Cəmiyyətinin gələcək inkişafından, görüləcək işlərdən, planlardan danışıblar. Bu müzakirələr yeni metodların tətbiqi və beynəlxalq təcrübəyə əsaslanması ilə nəzərə çarpırdı. Yüksək səviyyədə keçən Forum Dövlət və QHT-lər arasında qarşılıqlı anlaşmanın, faydalı əməkdaşlığın və sarsılmaz həmrəyliyin mövcud olduğunu, bu faktorun ölkəmizin gələcək inkişafına böyük qatqılar verəcəyini əyani nümayiş etdirib.
  QHT-lərin Zəngilanda keçirilən tarixi əməkdaşlıq forumunun açılış mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev də çıxış edib.
QHT-lərin fəaliyyətindən söz açan BAMF prezidenti qeyd edib ki, ölkəmizin yeraltı sərvətlərinin qorunmasına xidmət edən eko-aksiya, mina xəritələrinin təqdim olunması üçün başladılan petisiya, Azərbaycana tətbiq olunan qərəzli sanksiyalara qarşı birgə bəyanatlar, "Metsamor" atom elektrik stansiyasının fəaliyyətinə yönəlik etiraz çıxışları və s. çoxsaylı fəaliyyətlərimiz buna misaldır. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra seperatçıların qanunsuz silahlanmasına qarşı başladılan etiraz aksiyası, verilən bəyanatlar, hazırlanan hesabatlar ayrıca qeyd olunmalıdır:
“Bu il də vətəndaş cəmiyyəti nümayəndələrinin qarşısında fövqəladə faydalı bir missiya dayanır: COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanımıza dəstək olmaq! Əminliklə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq”.
  U.Mirzəyevin sözlərinə görə, Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun yekun mərhələsində Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə xüsusi olaraq vurğulayıb ki, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda gedən hərtərəfli quruculuq işləri bölgəni sanki əsrarəngiz bir cənnət məkanına çevirir, bu dağıdılmış ərazilər yaşıl enerji zonaları kimi çox mühüm ekoloji məkan olaraq yenidən dirçəlir: “Bu dirçəliş əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu daxili və xarici siyasət strategiyasının çağdaş dönəmdə müvəffəqiyyətlə reallaşdırılmasının bariz göstərici kimi təqdirəlayiqdir. Biz möhtərəm Prezidentə Müraciətdə onu da qeyd etdik ki, QHT nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda heyrətamiz quruculuq və bərpa işlərinin şahidi oldu. Ermənistanın işğalı dövründə Azərbaycan torpaqları 1,5 milyondan çox mina və partlamamış hərbi sursat ilə çirkləndirilsə də, indi ərazilərimizin minadan təmizlənməsi, ətraf mühitin qorunması üçün çox böyük işlər aparılır. Qəti əminliklə deyə bilərik ki, cənab Prezident, gün gələcək Siz bütün dünyaya Qarabağ və Şərqi Zəngəzurun minadan tam azad gülüstana çevrildiyini bəyan edəcəksiniz!
  Müraciətin Zəngilanda, işğaldan azad olunmuş ərazidə qəbul edilməsi xüsusilə əlamətdar hadisə idi. Çünki bu bölgələrdə aparılan yenidənqurma işləri və yaşıl enerji layihələri Azərbaycanın ekoloji və iqtisadi inkişafının təməl göstəricilərindəndir. Ermənistanın işğalı dövründə ciddi ekoloji problemlərlə üzləşən digər ərazilər kimi, Zəngilan da indi yaşıl enerji zonası elan olunub. Bu isə bir daha Azərbaycanın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə olan yanaşmasının göstəricisidir”.
  Qarabağa Qayıdış prosesinə, Qarabağa gedən köç karvanına toxunan U.Mirzəyev deyib ki, bu geri dönüş özü ilə bərabər müəyyən qayğılar da meydana gətirir: 
 “İnsanların yerli şəraitə adaptasiyası, yeni mühitə uyğunlaşması, psixoloji faktorlar, onlarla mütəmadi ünsiyyət, maarifləndirmə, işsizlik, sosial problemlər həllini tapmalıdır. Bu məsələlərdə əsas yük həm də QHT-lərin üzərinə düşür. Yeniləşmiş QHT Agentliyinin apardığı yeni kurs, müasir dəsti-xətt təqdirəlayiqdir. Atılan addımlar hədəfimizin doğru olduğunu göstərir. Hədəf doğrudursa, demək, Agentliyin gücü, potensialı da get-gedə artacaq, ona olan inam, etimad çoxalacaq.
  Heç şübhəsiz ki, Azərbaycan QHT-ləri donor asılılığından qurtarmalı, cəmiyyətin dayanıqlı təsisatlarına çevrilməlidir. Ancaq bu heç də xarici donorlardan imtina anlamına gəlməməlidir. Dünyada elə maliyyə qaynaqları var ki, onların böyük əksəriyyətində Azərbaycanın da payı var. Respublikamız bütün beynəlxalq çağırışlarda öz vəsaiti ilə iştirak edir. BMT başda olmaqla əksər beynəlxalq qurumlarda ölkəmizin də üzvlük haqqı var. O vəsaitlərdən formalaşan donor qaynaqlarından imtina edilməməli, əksinə, onlardan faydalı şəkildə istifadə ediməsi ücün şərait yaradılmalıdır. Eyni zamanda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericilikdə nəzərəçarpan boşluqlar aradan qaldırılmalıdır. Bu boşluqlar, əslində, vətəndaş cəmiyyəti meyarına münasibətlərin fərqli olmasından irəli gəlir. Düşünürəm ki, Milli Məclisin yeni tərkibi bu problemin də optimal həll variantını tapacaq və qanunvericiliyimizin daha da təkmilləşməsi istiqamətində zəruri addımlar atılacaqdır”.
  “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə “Sherg.az"a açıqlamasında deyib ki, artıq işğaldan azad edilmiş torpaqlarda – Şərqi Zəngəzurda, Zəngilan rayonunda mühüm mərasimlər, tədbirlər və forumların keçirilməsi son dərəcə əhəmiyyətli hadisədir: 

“Zəngilan rayonundakı Konqres Mərkəzində baş tutan "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu" ölkəmizin qeyri-hökumət təşkilatlarının inkişafında və onların fəaliyyətlərinin genişlənməsində mühüm addımdır.
  Forum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə həyata keçirilib ki, bu da dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın və qarşılıqlı dəstəyin nə qədər önəmli olduğunu bir daha təsdiqləyir. Forumun gündəliyində "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər" mövzusunda panel müzakirələri keçirilib ki, bu da QHT-lərin indiyə qədərki fəaliyyətlərini dəyərləndirərək gələcək planları və məqsədləri müəyyən etmələrinə imkan yaradıb. Digər əhəmiyyətli mövzular arasında "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları" və "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında müzakirələrdir. Bu, panel müzakirələri, ekoloji problemlərin həlli və qlobal istiləşmə ilə mübarizə istiqamətində QHT-lərin rolunu daha da artırmaq məqsədi daşıyır”.
  C.Hüseynzadənin sözlərinə görə, Forumun Zəngilan rayonunda keçirilməsi isə xüsusilə simvolik əhəmiyyətə malikdir. Azad edilmiş ərazilərdə ilk dəfə belə bir genişmiqyaslı tədbirin təşkili, həmin bölgələrin yenidənqurma və inkişaf prosesinin nə qədər sürətlə getdiyini və orada həyatın normallaşdığını göstərir. Bu həm də, beynəlxalq aləmdə Azərbaycanın sülhsevər və inkişaf yönümlü siyasətinin bir göstəricisidir.
  Təşkilat sədri qeyd edib ki, "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun keçirilməsi, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın güclənməsi, ekoloji problemlərin həlli və beynəlxalq tədbirlərdə fəal iştirak baxımından böyük əhəmiyyət kəsb edir: “Forumun uğurla həyata keçirilməsi, gələcəkdə bu kimi tədbirlərin sayının artmasına və qeyri-hökumət təşkilatlarının daha da güclənməsinə səbəb olacaq. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ilk dəfə Azərbaycan Milli QHT Forumu ilə birgə tədbir təşkil etməsi, həm də MQF-nin əhəmiyyətinə göstərilən diqqətin əyani sübutudur və bu, gələcəkdə forumun fəaliyyətinə müsbət təsir edə bilər. Bu tədbir, dövlətin vətəndaş cəmiyyəti institutlarına verdiyi önəmin bir göstəricisi olmaqla yanaşı, Azərbaycan Milli QHT Forumunun nüfuzunu və təsir dairəsini daha da genişləndirəcəkdir. Forumun da təşkilatçılığı ilə keçirilən bu cür genişmiqyaslı tədbirlər, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yeni impuls verərək, onların daha geniş auditoriyaya çıxışını təmin edəcək”.