Kommunikasiya strategiyası 

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

İcbari Tibbi Sığortanın məqsədlərinə, hədəflərinə uyğundur

Əsas məqsəd auditoriya ilə effektiv ünsiyyətdir

Əhaliyə daha əlçatan və informativ bir platforma yaradılır

İndi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür

 

  İnformasiya texnologiyalarının son illərdə yüksək inkişaf tempi bir çox sahələri əhatə etməyə başlayıb. Rəqəmsal həllər sosial həyatın demək olar əksər sahələrində tətbiq edilir. Bu günlərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin https://its.gov.az/ rəsmi internet səhifəsinin yenilənmiş versiyası təqdim edilib. Təqdimat mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, dövlət tibb müəssisələrinin direktorları, Rəqəmsal İnkişaf Agentliyinin, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun yenilənmiş saytında daha geniş funksionallıq və əhali üçün əhəmiyyətli məlumat bazasının olduğunu vurğulayıb: “Yeni yaradılmış hər bir qurum üçün özünü təqdim edəcək bir platformaya malik olmaq müasir dövrdə böyük əhəmiyyət kəsb edir. Bizim üçün də bu çox vacib idi. Bu, həm bütün vətəndaşlara, həm də geniş auditoriyaya malik tibb işçilərinə birbaşa təsir edən yenilikçi bir sistem idi. Ölkənin hər bir bölgəsində fəaliyyət göstərən tibb mərkəzlərinin icbari tibbi sığorta ilə tanış olması çox önəmli idi, çünki hər kəs üçün əhatəli və əlçatan bir şəbəkə qurulurdu. Prioritetlərimizi dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışırıq. Z.Əliyev bildirib ki, yeni sayt istifadəçilərə daha çox imkanlar verir: "İndi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür. Tibbi xidmətlərin sürətli axtarış sistemi və qəbul üçün elektron müraciət kimi yeniliklər saytı daha istifadəçiyönümlü və əlçatan edir. İnanıram ki, hər biriniz burada sığorta ilə bağlı lazım olan məlumatı asanlıqla tapacaq və faydasını görəcəksiniz. Necə ki, icbari tibbi sığorta sistemimiz əhali üçün faydalıdır, inanıram ki, saytımız da bu istiqamətdə vətəndaşlara eyni dərəcədə faydalı və əlçatan olacaq". Tədbir zamanı Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun Kommunikasiya Strategiyası üzrə görülən işlərindən bəhs edib: “Kommunikasiya strategiyamızın icrası Agentliyin məqsədlərinə, hədəflərinə və auditoriya ilə effektiv ünsiyyətə əsaslanır. Hər bir hədəf qrupunun maraqları və informasiya qəbuletmə üsulları dəyərləndirilir və uyğun kommunikasiya vasitələri seçilir. İcbari tibbi sığorta barədə 8 il ərzində təşkil etdiyimiz maarifləndirmə təlimlərində 100 minə yaxın şəxs iştirak edib”. Sonra təqdimatla çıxış edən Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Bayramov yeni saytda edilən dəyişikliklərdən bəhs edib: “Yenilənmələr zamanı vətəndaşları Agentliyin fəaliyyəti və icbari tibbi sığorta barədə ən çox maraqlandıran məsələlər nəzərə alınıb. Saytın strukturuna yeni bölmələr əlavə edilib. Tibb müəssisələrinin axtarış sistemi vasitəsilə vətəndaşlar lazım olan tibbi xidmətin hansı tibb müəssisələrində göstərildiyini müəyyən edə, müxtəlif kateqoriyalar üzrə, həmçinin tibbi ərazi bölmələri (TƏB) və ya şəhərlər üzrə tibb müəssisələrini axtarışa verə, xəstəxananın əlaqə vasitələri, ünvanı və xəritə üzərindən məkan koordinatları ilə tanış ola bilərlər. Xidmətlər Zərfi üzrə axtarış sistemi üzərindən isə tibbi xidmət və onun müqabilində Agentlik tərəfindən xəstəxanaya ödənilən məbləğlə tanış olmaq mümkündür”. Tədbirin sonunda saytın yenilənməsi zamanı dəstək göstərən Rəqəmsal Tibbi Həllər Məhdud Məsuliyyətli Cəmiyyətinə Agentlik tərəfindən təşəkkürnamə təqdim olunub. 

  Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in tabeliyindəki "Rəqəmsal Tibbi Həllər" MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov təcili tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması istiqamətində önəmli addımlar atıldığını bildirmişdi. Onun sözlərinə görə, nəzərdə tutulan fəaliyyət planına əsasən təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi, 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması, hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçiriləcək. Nəticədə vətəndaşlar 103 Çağrı Mərkəzinə səsli və ya videogörüntülü mesajlar göndərə biləcəklər.  Tətbiq ediləcək yeniliklərin Mərkəzin bütün əsas fəaliyyət istiqamətlərini əhatələməsi planlaşdırılır. Burada əsas məqsəd tətbiq ediləcək yeniliklər vasitəsilə operativ fəaliyyətin təşkil edilməsi və eyni zamanda göstərilən xidmətin keyfiyyətinin maksimuma çatdırılmasıdır. 

  İKT üzrə mütəxəssis Elvin Abbasov bu fikirdədir ki, müasir dünyada rəqəmsal həllərə istinad edilən fəaliyyətlər çox önəmlidir: 

- Əgər həqiqətən də, nəzərdə tutulan fəaliyyət planına əsasən təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi, 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması, hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə vacib işlər həyata keçiriləcəksə, bunu yalnız alqışlamaq olar. Hazırkı şərait bunu tələb edir. Vətəndaşlara daha rahat imkanlar yaradılmalıdır, bu da müasir, çağdaş informasiya texnologiyalarının tətbiqindən keçir. TƏBİB tərəfindən elan edilən yeniliklərə əsasən vətəndaşlara çağırışları müxtəlif üsullarla həyata keçirmələri üçün innovativ imkanlar yaradılacaq. Vətəndaşlar “E-tabib” mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaqla yanaşı, həmçinin xəstənin vəziyyətini, ərazini və sairə məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya videogörüntülü mesajlar göndərə biləcəklər. Həmçinin vətəndaşlarla daha operativ kommunikasiyanın qurulması üçün çatbot funksionallığının yaradılması planlaşdırılır. Xəstələrlə bağlı ümumi məlumatların, eyni zamanda xəstəlik tarixçələrinin həmin an əlçatan olması üçün əlaqəli elektron sistemlərlə inteqrasiyaların həyata keçirilməsi də nəzərdə tutulub. Planlaşdırılan yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı imkanların yaradılması da var. Nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya zamanı atılan addımlarla bağlı da elektron imkanlar yaradılacaq. Həm 103 Çağrı Mərkəzi, həm də çağırış briqadaları üçün tibb müəssisələrində çarpayı fonduna dair məlumatlara əlçatanlıq avtomatik şəkildə təmin olunacaq. Bunlar müsbət yeniliklərdir və təqdirəlayiqdir.