Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Sovet Allahverdiyev ifadə verib.
Sherg.az xəbər verir ki, 1954-cü ildə Xocalıda anadan olduğunu və orada yaşadığını bildirən S.Allahverdiyev atasının, iki qardaşının və qardaşı oğlunun Xocalı soyqırımı zamanı itkin düşdüyünü, daha iki qardaşının və anasının isə girov götürüldüyünü deyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab olaraq zərərçəkmiş şəxs bildirib: “Onlar fevralın 25-dən 26-na keçən gecə bütün yolları bağlamışdılar ki, çıxa bilməyək, azərbaycanlı olduğumuz üçün bizim hamımıza qarşı soyqırımı törətsinlər. Qətlə yetirilən əhalinin 50 faizi “dəhliz” deyilən ərazidə öldürülənlərdir. Guya həmin hissəni vermişdilər ki, əhali çıxsın.
Ağdamda meyitləri meşədən gətirirdilər. Oradakı meyitlərin əksəriyyəti tanınmaz halda idi. Başlarının dərisini soymuşdular, beyinləri, başları dağılmışdı. Ancaq paltarından tanıyırdıq”.
O, Xocalı soyqırımı zamanı qətlə yetirilən şəxslərdən 18 nəfərinin meyitinin 2023-cü ildə Xocalıda tapılan zaman onların ayaqlarının və qollarının məftillə bağlı vəziyyətdə olduğunu da söyləyib.