Aİ-nin Rusiyaya sanksiyaları artıq "lətifəyə" çevrilib - ŞƏRH

  • Rusiyanı sanksiyalarla geri çəkmək artıq mümkün görünmür

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi qaydasını dəyişməyi düşünür. Bunu İrlandiyanın xarici işlər və müdafiə naziri Helen Makenti deyib. H. Makenti qeyd edib ki, Avropa ölkələri Rusiyaya birdəfəlik ağır sanksiyalar tətbiq edəndə, bundan Avropanın özü də çox ziyan çəkir:

“Buna görə də, ölkələr arasında belə böyük qərarları razılaşdırmaq getdikcə çətinləşib. Zərərdən qorunmaq üçün Avropa indi fərqli bir yol seçmək istəyir. Onlar planlaşdırırlar ki, Rusiyaya qarşı ağır sanksiyalar əvəzinə, tez-tez və kiçik məhdudiyyətlər tətbiq etsinlər".

Mövzunu şərh edən iqtisadçı Natiq Cəfərli Sherg.az-a bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq bir lətifəyə çevrilib, yəni ciddi bir təsir imkanları olmur:

“ABŞ-ın tətbiq etdiyi sanksiyalar daha təsirli olur, çünki Vaşinqtonun digər ölkələri bu məhdudiyyətlərə əməl etməyə məcbur etmək imkanları daha genişdir. Avropa İttifaqının isə belə təsir rıçaqları kifayət qədər deyil. Aİ sanksiyalarından yan keçmək daha asandır. Məsələn, Ermənistan 2023–2025-ci illərdə müxtəlif yollarla bu sanksiyaların təsirini azaltmağa çalışırdı. Bundan başqa Çin, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Körfəz ölkələrinin bir qismi də Avropa sanksiyalarına tam əməl etmir. Aİ-nin isə bu ölkələri sanksiyalara riayət etməyə məcbur etmək gücü yoxdur. ABŞ-da bu imkan daha çoxdur”. 

N.Cəfərli qeyd edib ki, Rusiyaya qarşı artıq 21 sanksiya paketi qəbul edilsə də, onların gözlənilən nəticəni verdiyini demək çətindir:

"Sanksiyaların heç bir təsiri olmadığını demək də düzgün deyil. Ancaq onların Rusiya iqtisadiyyatına həlledici zərbə vurduğunu da iddia etmək olmaz. Məhz buna görə Avropa İttifaqı yanaşmasını dəyişməyə çalışır. Məqsəd genişmiqyaslı məhdudiyyətlərdən daha çox, sanksiyalardan yayınmağa kömək edən fiziki və hüquqi şəxslərə qarşı hədəfli, nöqtəvi sanksiyalar tətbiq etməkdir".

İqtisadçı hesab edir ki, bu yanaşma həm Aİ daxilində konsensusun qorunmasına xidmət edir, həm də sanksiyaların daha dəqiq və effektiv tətbiqinə hesablanıb: "Bu, Rusiyaya qarşı sanksiya rejiminin yumşaldılması demək deyil. Əksinə, məqsəd daha hədəfli addımlarla sanksiyaların təsir gücünü artırmağa çalışmaqdır. Bu strategiyanın nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək".

Siyasi şərhçi Asif Nərimanlı da Sherg.az-a açıqlamasında deyib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiya strategiyasını dəyişmək niyyəti ilk növbədə Avropada konsensusun əldə edilməsinə və Avropa iqtisadiyyatına mənfi təsirlərin aradan qaldırılmasına hesablanmış bir addımdır.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar məsələsində Aİ daxilində uzun illərdir fikir ayrılıqları mövcuddur. Bir sıra üzv dövlətlər yeni məhdudiyyətlərin tətbiqinə ehtiyatla yanaşır: “Nəzərə almaq lazımdır ki, Avropa İttifaqında bu xarakterli qərarlar yekdillik prinsipi ilə qəbul edilir. Bu isə istənilən üzv ölkəyə veto hüququndan istifadə etməklə qərarın qəbulunu dayandırmaq və ya prosesi ləngitmək imkanı verir.

Bu vəziyyət xüsusilə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra qəbul edilən sanksiya paketlərinin müzakirəsi zamanı dəfələrlə özünü göstərib. Görünür, Avropa İttifaqı rəhbərliyi taktikanı dəyişməklə üzv ölkələr arasında konsensusun əldə olunmasını asanlaşdırmağa çalışır. Daha kiçik və mərhələli sanksiyaların razılaşdırılması genişmiqyaslı məhdudiyyətlərlə müqayisədə daha real görünür".

Siyasi şərhçi vurğulayıb ki, strategiyanın dəyişdirilməsinin digər mühüm səbəbi sanksiyaların Avropa iqtisadiyyatına vurduğu zərərin minimuma endirilməsi istəyidir:

"Rusiyaya qarşı tətbiq edilən genişmiqyaslı sanksiyalar təkcə Moskvanın deyil, Avropa ölkələrinin iqtisadiyyatına da mənfi təsir göstərib. Çünki Aİ ilə Rusiya arasında uzun illər formalaşmış sıx ticarət və iqtisadi əlaqələr mövcud idi. Xüsusilə enerji sahəsində əməkdaşlığın məhdudlaşdırılması Avropa ölkələri üçün ciddi çətinliklər yaratdı. Bu baxımdan yeni yanaşma həm Rusiyaya təzyiqi davam etdirmək, həm də Avropa iqtisadiyyatına dəyən zərəri azaltmaq məqsədi daşıyır. Görünür, Avropa İttifaqı bu məsələ ilə, yəni bu strategiyanı dəyişdirməklə özünün də iqtisadi zərərlərini minimuma endirmək istəyir. Lakin fikrimcə, bu strategiyanın dəyişdirilməsi, yəni sanksiyaların tətbiqi strategiyasının dəyişdirilməsi Rusiyaya ciddi təsir edəcəyi ehtimalı zəifdir. Yəni daha öncə daha böyük sanksiyalar tətbiq edildikdə, xüsusən enerji resurslarında və SWIFT sistemi ilə bağlı, yəni bank sistemi ilə bağlı Rusiyaya tətbiq olunan sanksiyalar daha ciddi ziyan vurdu. Ama Rusiya alternativ bazarların tapılması, o cümlədən alternativ bank sisteminin istifadə edilməsi kimi addımlarla bu prosesdən məcazi mənada desək, sağ çıxa bildi. Müharibənin ilk mərhələsində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ölkə iqtisadiyyatını qısa müddətdə çökdürəcəyi ilə bağlı gözləntilər var idi. Lakin Rusiya ciddi iqtisadi itkilərlə üzləşsə də, sanksiyaların təsirlərinə müəyyən qədər uyğunlaşa bildi. Alternativ ticarət marşrutları, yeni bazarlar və tərəfdaşlar hesabına yaranmış çətinlikləri qismən kompensasiya etdi. Başqa sözlə, sanksiyalar Rusiyaya ciddi zərər vurdu, lakin Moskva bu təzyiqi tam iflasa çevrilmədən idarə edə bildi. Bu baxımdan bundan sonrakı dövrdə, xüsusən ən böyük sanksiyalar tətbiq edildiyi vaxt Rusiya geriyə çəkilməyibsə və Rusiyanın müharibə ilə bağlı mövqeyi dəyişməyibsə, bundan sonrakı dövrdə tətbiq ediləcək müəyyən sanksiyaların da effekt verəcəyi ehtimalı zəifdir”.

A. Nərimanlı bildirib ki, Avropa İttifaqının sanksiya strategiyasını yeniləməsi bir tərəfdən təşkilat daxilində siyasi birliyi qorumağa, digər tərəfdən isə sanksiyaların Avropa iqtisadiyyatına mənfi təsirlərini minimuma endirməyə hesablanıb. Bununla yanaşı, ekspert qeyd edib ki, Aİ Rusiyaya qarşı təzyiq siyasətini davam etdirmək niyyətindədir:

“Hazırkı mərhələdə Avropa İttifaqının Rusiyaya qarşı istifadə edə biləcəyi əsas praktik alət məhz sanksiyalardır. Siyasi bəyanatlar müəyyən mesajlar versə də, praktik nəticə əldə etmək üçün əsas vasitə sanksiyalardır. Avropa İttifaqı da bu siyasəti davam etdirmək niyyətindədir. Lakin hesab etmirəm ki, yeni sanksiyalar Rusiyanı geri çəkilməyə məcbur edəcək qədər həlledici təsir göstərəcək. Bəzi istiqamətlərdə tətbiq olunan məhdudiyyətlər yenə də müəyyən nəticələr verir. Xüsusilə Rusiyanın 'kölgə donanması'na qarşı görülən tədbirlər müəyyən effekt yaradır. Eyni zamanda enerji sektoruna yönəlmiş məhdudiyyətlər də Rusiyaya müəyyən iqtisadi zərbə vurmağa davam edir. Bu istiqamətdə yeni addımların atılması və mövcud tədbirlərin davam etdirilməsi mümkündür".

Siyasi şərhçi vurğulayıb ki, müharibənin ilk illərində tətbiq olunan sanksiyaların təsiri indiki dövrlə müqayisədə daha güclü idi:

"Müharibənin ilk mərhələsində qəbul edilən sanksiyalar həm miqyası, həm də təsir gücü baxımından daha ciddi nəticələr doğururdu. Həmin dövrdə Rusiya hələ alternativ tədarük marşrutları və paralel idxal mexanizmləri formalaşdıra bilməmişdi. Sonrakı mərhələdə isə Moskva müəyyən uyğunlaşma imkanları əldə etdi. Buna görə də hesab edirəm ki, bundan sonra tətbiq ediləcək sanksiyalar əvvəlki paketlər qədər kəskin və həlledici təsir göstərməyəcək".