Astanada İrəvana xəbərdarlıq: Putin Ermənistanın kursundan narahatdır - ANALİZ

Qarşıdakı dövrdə Ermənistanın hansı istiqamətə üstünlük verəcəyi regiondakı siyasi və iqtisadi proseslərə birbaşa təsir göstərəcək

Astanada Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanla bağlı bəyanat qəbul edilib.

Rusiya mediasının xəbərinə görə, bu barədə Prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan Prezidenti Sadır Japarov Ermənistanın Avropa İttifaqına üzv olmaq planları ətrafında vəziyyəti müzakirə ediblər.

Avrasiya İqtisadi İttifaqının dörd ölkəsinin liderlərinin bəyanatı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana verilib.

Siyasi müşahidəçilərin fikrincə, Astanada Ermənistanla bağlı ayrıca bəyanatın qəbul olunması rəsmi İrəvanın son dövrlər Qərbə inteqrasiya kursunun Avrasiya məkanında ciddi narahatlıq yaratdığını göstərir. Xüsusilə Ermənistanın Avropa İttifaqına yaxınlaşmaq cəhdləri və Brüssellə siyasi-iqtisadi əlaqələri genişləndirməsi Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında münasibətləri gərginləşdirən əsas amillərdən biri hesab olunur.

Ekspertlər bildirirlər ki, Ermənistan hazırda həm Rusiya rəhbərliyindəki iqtisadi və təhlükəsizlik platformalarında qalmağa, həm də Avropa ilə münasibətləri dərinləşdirməyə çalışır. Bu isə İrəvanı geosiyasi balans dilemma­sı ilə üz-üzə qoyur. Aİİ liderlərinin ayrıca mövqe ortaya qoyması Kremlin Ermənistanın mümkün xarici siyasi kurs dəyişikliklərini diqqətlə izlədiyini nümayiş etdirir.

Analitiklər hesab edirlər ki, qarşıdakı dövrdə Ermənistanın hansı istiqamətə üstünlük verəcəyi regiondakı siyasi və iqtisadi proseslərə birbaşa təsir göstərəcək. Çünki İrəvanın Avropa İttifaqına inteqrasiya cəhdləri Aİİ daxilində yeni fikir ayrılıqları yarada və Rusiyanın Cənubi Qafqaz siyasətində əlavə təzyiq mexanizmlərinin işə düşməsinə səbəb ola bilər.