“Azərbaycanı hədəfə alırlar, başqalarına isə göz yumurlar” - Novella Cəfəroğlu

  • “Azərbaycana gəlin, hökm verməzdən əvvəl bizi dinləyin”
  • “Sərt qətnamələr yox, açıq dialoq lazımdır”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı növbəti dəfə qərəzli qətnamə qəbul edib. Təşkilatın iyunun 24-də Azərbaycana dair qəbul etdiyi son qətnamə də uzun illərdir davam etdirilən bu qərəzli xəttin növbəti təzahürü kimi qiymətləndirilir. Rəsmi olaraq insan hüquqları, ifadə azadlığı və vətəndaş cəmiyyətinin vəziyyətinə həsr olunan sənəd əslində Azərbaycana qarşı formalaşmış siyasi yanaşmanın davamı təsiri bağışlayır. Qətnamənin məzmunu, müzakirələrin gedişi və son illərdə qəbul edilmiş analoji qərarlar göstərir ki, burada hüquqi qiymətləndirmədən daha çox siyasi mövqe üstünlük təşkil edir.

Qətnamədə Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və hökuməti tənqid edən şəxslərin guya təzyiqlərə məruz qalması, ifadə azadlığının məhdudlaşdırılması və siyasi məhbusların mövcudluğu ilə bağlı iddialar yer alıb. Lakin sənəddə bu məsələlərə yalnız bir tərəfin prizmasından yanaşılıb, bəzi qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı siyasi qrupların və Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan deputatların iddiaları əsas götürülüb. Rəsmi Bakının mövqeyi, Azərbaycan hökumətinin hüquqi arqumentləri və qanunvericilik çərçivəsi isə nəzərə alınmayıb. Bu isə sənədin balanslı deyil, birtərəfli hazırlandığı qənaətini gücləndirir.

Ölkəmizdə İnsan Hüquqları üzrə Monitorinq Qrupunun üzvü kimi uzun illər AŞPA-da Azərbaycan nümayəndə heyətinin tərkibində müstəqil ekspert qismində fəaliyyət göstərmiş D. Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bildirib ki, AŞPA-nın qətnamələri heç vaxt qüsursuz olmayıb:

“15 il AŞPA-da Azərbaycandan insan hüquqları üzrə ekspert kimi fəaliyyət göstərmişik, Monitorinq Qrupunda təmsil olunmuşuq. O zaman da AŞPA-da siyasi məhbuslar məsələsi qaldırılır, ölkəmiz tənqid olunurdu. Ancaq hamımız birlikdə çalışırdıq ki, dialoq vasitəsilə bütün məsələləri həll edək. Buna nail də olurduq.

İşlək bir qrup yaratmışdıq. Həmin qrupda həm hüquq müdafiəçiləri, həm hökumət nümayəndələri, həm də tanınmış hüquqşünaslar təmsil olunurdu. Qrupa üç nəfər rəhbərlik edirdi: Prezident Administrasiyasından Fuad Ələsgərov, Avropa Şurasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və həmin dövrdə QHT-lərin təmsilçisi olan Azay Quliyev. Avropa Şurası prezidentinin müavini Aleksandr Gertsel də iclaslarımıza qoşulurdu. Bütün məsələləri birgə müzakirə edir, həll yolları axtarırdıq. Hamı əməkdaşlığa çalışırdı. Siyasi motivli məsələlərlə yanaşı, digər problemləri də qaldırırdıq və onların əksəriyyəti həllini tapırdı.

Bu gün biz müstəqil, güclü və heç kimdən asılı olmayan bir dövlətik. İllərdir Avropa Şurası və Avropa Parlamenti Azərbaycana qarşı haqlı və ya haqsız bəyanatlar verir, qətnamələr qəbul edir. İstərdim ki, onların nümayəndələri Azərbaycana gəlsin, həm bizimlə, həm də dövlət qurumları ilə görüşsün və problemləri dialoq yolu ilə müzakirə etsinlər. Bu mümkündür.

Lakin hər dəfə Azərbaycanı tənqid atəşinə tutmaq, digər ölkələrdəki problemlərə isə göz yummaq obyektiv yanaşma deyil. Məsələn, necə olur ki, Gürcüstanın sabiq prezidenti Saakaşvili illərdir həbsdə saxlanılır, müxtəlif çətinliklərlə üzləşir, amma buna münasibət bildirilmir?

Mən Azərbaycana qarşı haqsızlıqlara qarşıyam, amma dialoqa hər zaman açığam. AŞPA-nın sərt bəyanatları heç nəyə kömək etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Ona görə də açıq dialoq vacibdir. Biz hüquq müdafiəçiləri buna hazırıq. Hesab edirəm ki, bu, daha səmərəli addım olar”.