- Brüssel bitərəfliyini itirib, İrəvanın hamisi rolunda çıxış edir
- Kənar müdaxilələr Cənubi Qafqazda sülhü təhlükəyə atır
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda Ermənistan üçün yeni tərəfdaşlıq missiyasının yaradılmasını razılaşdıracaqlar.
“Armenpress”in xəbərinə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni missiyanın əsas vəzifəsi Ermənistanın üzləşdiyi iddia edilən hibrid təhdidlərə, eləcə də xarici informasiya manipulyasiyası və müdaxilələrinə qarşı mübarizəyə dəstək vermək olacaq. Bu təşəbbüsün Aİ-Ermənistan münasibətlərinə, eləcə də Cənubi Qafqazdakı geosiyasi proseslərə mümkün təsirləri maraq doğurur.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Brüsseldə səsləndirdiyi bu bəyanat, Cənubi Qafqazda kənar güclərin geosiyasi manipulyasiya cəhdlərinin növbəti təzahürüdür:
“Ermənistanda mülki monitorinq missiyası adı altında yerləşdirilən, əslində isə kəşfiyyat xarakteri daşıyan qüvvələrin fəaliyyətindən sonra indi də "hibrid təhdidlərə qarşı mübarizə" adı altında yeni tərəfdaşlıq missiyasının yaradılması regionda birtərəfli balans yaratmaq cəhdidir. Lakin bu addımlar Cənubi Qafqazın şəksiz lideri və əsas güc mərkəzi olan Azərbaycanın yaratdığı yeni reallıqları və hərbi-siyasi qüvvələr balansını dəyişmək iqtidarında deyil. Bakı öz təhlükəsizlik maraqlarını istənilən səviyyədə qorumağa qadir olduğunu həm döyüş meydanında, həm də diplomatik masada sübut edib”.
Analitik qeyd edib ki, bu missiyanın “hibrid təhdidlər” və “xarici informasiya manipulyasiyası” pərdəsi altında fəaliyyətə başlaması, rəsmi Bakının legitim narahatlıqlarını tamamilə əsaslandırır:
“Qərb institutlarının Ermənistanı davamlı olaraq "qurban" statusunda təqdim etmək cəhdləri fonunda, bu cür qeyri-şəffaf missiyalar birbaşa Azərbaycana qarşı yönəlmiş dezinformasiya kampaniyalarının əlaqələndirilməsi mərkəzinə çevrilə bilər. İrəvanı sülhdən yayındıran bu addımlar təbii ki, rəsmi Bakı tərəfindən regiona kənar müdaxilə və sabitliyi pozmaq cəhdi kimi qiymətləndirilir. Bu yanaşma İrəvanda revanşizm meyillərini qızışdırmaqla yanaşı, regionda sülhün və etimad mühitinin bərpasına ciddi zərbə vurur. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin strateji tərəfdaşı, qlobal logistik qovşaqların idarəedicisi və regionun ən etibarlı dövlətidir. Aİ-nin sülh prosesində bitərəfliyini itirərək Ermənistanın hamisi qismində çıxış etməsi Brüsselin vasitəçilik potensialını tamamilə heçə endirir. İrəvan Qərbdəki havadarlarına arxalanaraq sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışsa da, fəal və qətiyyətli siyasət yürüdən Azərbaycan öz milli maraqlarından və təhlükəsizlik prinsiplərindən bir addım da geri çəkilməyəcək. Sülhün yolu Brüsseldən deyil, region dövlətlərinin birbaşa və ədalətli dialoqundan keçir”.