İran böhranı: nüvə sazişi, yoxsa Hörmüz boğazı?

ABŞ Prezidenti Donald Trampın administrasiyası Körfəz ölkələrinə Vaşinqtonun Tehranla gələcək danışıqlarda əsas diqqəti İranın nüvə proqramına yönəltmək istədiyini bildirib. CNN-in məlumatına görə, danışıqlarda Hörmüz boğazında gəmiçiliyin bərpası əsas məsələ olmayacaq.

Bu arada İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ABŞ-ın təzyiqindən sonra Avstriyaya buraxılmayıb. O, Vyanada MAQATE-nin Baş Konfransında çıxış etməli idi.

Həmçinin Körfəz ölkələri ilə İranın Hörmüz boğazında gəmiçiliyə dair görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. Oman xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, Salalada keçirilməsi planlaşdırılan görüş konsensusun təmin edilməsi məqsədilə təxirə salınıb.

Məlumata görə, görüşdə İran, İraq və bir sıra Körfəz ölkələrinin nümayəndələrinin iştirakı gözlənilirdi. Səudiyyə Ərəbistanının isə Oman və İranın Hörmüz boğazı ilə bağlı təklifinə dəyişikliklər etdiyi bildirilir.

Qeyd edək ki, İran ətrafında gərginlik nəticəsində Hörmüz boğazından gəmiçilik demək olar ki, dayanıb. Boğaz dünya bazarlarına neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın daşınması üçün əsas marşrutlardan biridir. Bu vəziyyət qlobal yanacaq qiymətlərinin artmasına səbəb olub.