- “Ortada dağılmış bir İran var, indi başqalarına nəsə öyrətməyə çalışırlar”
- Natiq Miri: “Əvvəlcə öz probleminizi həll edin, sonra başqalarına ağıl verin”
İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Azərbaycan və Ermənistan arasında güc balansı ilə bağlı açıqlaması regionda Tehranın mövqeyini yenidən gündəmə gətirib. Şirqulami hesab edir ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün Azərbaycan və Ermənistan arasında real güc balansı yaradılmalıdır.
İran rəsmisi bu balansın uzunmüddətli sülhün əsas təminatlarından biri olduğunu iddia edir və regionda mövcud status-kvonun qorunmasının Tehran üçün fundamental mövqe olduğunu bildirir. Səfirin açıqlamasında xüsusilə Ermənistanın gücləndirilməsi və bunun Azərbaycanla Ermənistan arasında müəyyən güc tarazlığının yaradılması kontekstində təqdim edilməsi diqqət çəkir. Tehran uzun müddətdir Cənubi Qafqazdakı geosiyasi dəyişikliklərlə bağlı öz narahatlıqlarını ifadə edir. Şirqulaminin son açıqlaması da İranın regionda baş verən proseslərə münasibətinin daha bir ifadəsi kimi qiymətləndirilə bilər.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Şirqulami adına layiq danışıb:
“Bu açıqlama insanlığa deyil, heyvanat aləminə xidmət edən yanaşma kimi qiymətləndirilə bilər. Çünki güc balansının yaradılmasının sülhə xidmət etdiyi düşüncəsi məhdud və instinktiv şüura əsaslanır. İnsanlar heyvanlardan fərqli olaraq şüurlu varlıqlardır və ağıl yalnız insana bəxş edilib. Bütün insanlar eyni olmadığı kimi, dövlətlər də potensialına görə fərqlənirlər. Buna görə də dövlətlər və insanlar arasında zorən bərabərlik yaratmaq cəhdi məhdud düşüncənin göstəricisidir. İkinci məsələ ondan ibarətdir ki, bu açıqlama Ermənistanın gücləndirilməsi yolu ilə Azərbaycan və Ermənistan arasında bərabərlik yaratmaq niyyətinə işarə edir. Eyni zamanda, bunu məhz İranın həyata keçirmək istədiyi bildirilir. Əgər bunu edə bilirlərsə, buyursunlar. Lakin özlərinə bir çözüm yarada bilməyən bu zehniyyət başqalarına ağıl verməyə çalışır. Əvvəlcə öz probleminizi həll edin. Ortada dağılmış bir İran var, insanların rifahı dəhşətli dərəcədə aşağı düşüb. Nə vaxtdan bəri xalqınıza çörək, inkişaf, rifah və təhlükəsizlik yaratmısınız ki, indi başqalarına nəsə öyrətməyə çalışırsınız? Ona görə də bu açıqlama həm İranın, həm Rusiyanın, həm də Ermənistanın maraqlarına xidmət edir”.
Analitik qeyd edib ki, bu açıqlama əslində heç nə ifadə etmir:
“İran hər gün fərqli mövqe ortaya qoyur, müxtəlif şəxslərdən ziddiyyətli fikirlər səslənir. Ölkədə vahid siyasi komanda və dövlət idarəçiliyinə nəzarət edən güc mərkəzi yoxdur. Buna görə də İranın bu cür açıqlamalarını ciddi qəbul edib onlara əsasən proqnoz vermək mümkün deyil. Gördüyünüz kimi, İran parçalanmış vəziyyətdədir. Dövlət idarəçiliyində bir-birini qəbul etməyən güc mərkəzləri mövcuddur. Hərəsi fərqli mövqedən çıxış edir və bu açıqlamaların böyük əksəriyyəti yalnız söz olaraq qalır. Buna görə də bu açıqlamanın Cənubi Qafqazdakı proseslərə heç bir təsiri olmayacaq. İranın regionda gedən proseslərə təsiri yoxdur, varsa da, minimum səviyyədədir. Üstəlik, regional və qlobal həllər İrandan yan keçir və bu məsələlərdə İran həlledici söz sahibi deyil. Kimsə kənarda hürmək istəyirsə, bu, onun işidir. Buyurub hürə bilər”