ABŞ-İran xəttində gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Vaşinqton Tehranın nüvə proqramını regional təhlükəsizlik üçün ciddi risk kimi görür. Fevralın 6-da Omanda baş tutan danışıqlar isə tərəflərin bu məsələdə ortaq məxrəcə gələ bilmədiyini ortaya qoydu. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Əraqçinin, dinc nüvə proqramı hüququnu müdafiə etməsi vəziyyəti daha da dərinləşdirdi. ABŞ prezidenti Donald Tramp isə razılaşma əldə olunmayacağı təqdirdə, Yaxın Şərqə ikinci aviadaşıyıcı zərbə qrupunun göndəriləcəyini bəyan etdi. Gərginliyin artdığı dönəmdə, İsveçrə Xarici İşlər Nazirliyi tərəflər arasında, diplomatik təşəbbüsü dəstəkləməyə hazır olduğunu açıqladı. “Reuters” agentliyinin məlumatına görə, ABŞ nümayəndə heyəti fevralın 17-də Cenevrədə İran üzrə diplomatik məsləhətləşmələr aparmağı planlaşdırır. Mövcud vəziyyət göstərir ki, tərəflər arasında qarşıdurma ritorikası sərtləşsə də, diplomatiya gündəmdən tam çıxmayıb.
Mövzu ilə bağlı güneyli siyasi şərhçi Kərim Əsğəri Sherg.az-a açıqlamasında bildirib ki, İran və ABŞ arasındakı anlaşmazlıq yalnız nüvə proqramı ilə məhdudlaşmır:
“Dünən ABŞ-ın dövlət katibi Marko Rubio yeni dünya nizamında hegemoniyaya əsaslanan düzəndən bəhs edərək mühüm bir məqama toxundu. İranla ABŞ arasında əsas ziddiyyət məhz bu məsələdə kəsişir. İran xüsusilə Rusiya və Çin tərəfindən ideoloji baxımdan şişirdilən dövlətdir. Hətta Rusiya və Çinin istəyi İranla ABŞ arasında gərginliyi artırmaqdır. Bu yanaşma onların siyasi məqsədlərinə uyğun gəlir. Lakin Rusiya və Çin İran İslam Respublikasının dağılmasını istəmirlər. Çünki İranda rejim dəyişikliyi Rusiya və Çinin regiondakı əsas dayaqlarından birinin sıradan çıxması demək olar. İran İslam Respublikası ideoloji baxımdan Yaxın Şərq regionu üçün qorxu və xaos mənbəyinə çevrilib. Ölkə islami dəyərlər əsasında formalaşsa da, zamanla ciddi dəyişikliklərə məcbur qalması institusional zəifləməyə yol açıb”.
Analitik, İrandakı rejimin zəifləməsini bir neçə xaotik mərhələyə əsasən təhlil edib:
“2022-ci ildə “əxlaq polisi” tərəfindən baş örtüyü qaydalarını pozduğu iddiası ilə saxlanılan Mahsa Amininin ölümü, ölkədə geniş etirazlara səbəb oldu. Nəticədə İran rəhbərliyi hicab məsələsində müəyyən yumşalmaya getməyə məcbur qaldı. İkinci məqam isə İran leyhinə savaşan Hizbullah, Həşd-şabi, kimi proksi qüvvələrin saylarının azalması, hətta bir çoxunun fəlaiyyətinin dayandırılmasıdır. Xüsusilə Suriyada Əsəd rejiminin devrilməsindən sonra, İranı dəstəkləyən qüvvələr təsirini itirib. Üçüncü məsələ isə “vilayəti-fəqih” sistemi ilə bağlıdır. 12 günlük İran-İsrail müharibəsindən, sonra Ali dini lider Ayətullah Əli Xamneyi ortalarda görünmür. Hər zaman siyasi arenada birinci güc kimi özünü göstərən Xamneyinin yoxluğu, sistemin zəiflədiyinə işarə edir”.
K.Əsğərinin sözlərinə görə, sadalanan amillər İran İslam Respublikasını müəyyən məqamlarda geri addım atmağa məcbur etdi:
“ABŞ-la yeni hərbi toqquşma başlamamışdan öncə İran ciddi zəifləmə dövrünü yaşayır. Fikrimcə, ABŞ İranla müharibə etmək istəmir, bunu yalnız Tehranı danışıqlara məcbur etmək üçün strateji variant kimi ortaya atır. Lakin hər bir ssenaridə İran İslam Respublikası, gücünü və etibarını itirib. Gələcək perspektivdə hadisələrin məcburi axarı dəyişiklikləri qaçılmaz edəcək. Hətta rejimin dəyişdirilməsi məsələsi də ehtimallardan biridir. 12 günlük münaqişə zamanı İran nüvə obyektləri müstəvisində ciddi itkilərə məruz qaldı. Buna görə də rəsmi Tehran, nüvə və balistik raket proqramında güzəştlərə getməyə məcbur qala bilər. ABŞ-ın Yaxın Şərqə hər gün hərbi qüvvə göndərməsi isə İrandakı rejimin “tabutuna son mıxın” vurulduğunu simvolizə edir”.
Aybəniz Səfərova