ABŞ hücumu yalnız İrana yox, qonşu ölkələrə də risk yarada bilər
ABŞ ilə İran arasında aparılan danışıqlar nüvə proqramı məsələsində ortaq məxrəcə gələ bilmədiklərinə görə dalana dirənib. Fevralın 6-da Omanda baş tutan görüşlər ümidləri müəyyən qədər artırsa da, ABŞ liderinin Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməsi danışıqların çətin vəziyyətdə olduğunu göstərdi. Məsələni daha da gərginləşdirən isə, ötən gün Donald Trampın açıqlaması oldu. ABŞ prezidenti İranla razılaşma əldə olunmayacağı təqdirdə, hücum planını işə salacağını açıqladı. Tərəflərin ziddiyyətli mövqeyi prosesin hansı nəticə ilə yekunlaşacağına dair şübhələri artırır.
Mövzu ilə əlaqədar politoloq, Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ İrana qarşı təzyiq siyasətini iki istiqamət üzrə davam etdirir:
“Birinci xətt hərbi-siyasi xarakter daşıyır. Vaşinqton İran körfəzi ətrafına qüvvə yerləşdirməklə, Ağ Evin tələbləri yerinə yetirilmədiyi halda, İrana qarşı hərbi müdaxilə edəcəyini bildirir. İkinci xətt isə siyasi-psixoloji təzyiq üzərində qurulub. Bunlara, Ağ ev rəsmilərinin sərt və təhdidkar açıqlamaları daxildir. Lakin diqqətçəkən məqamlardan biri də, Trampın ziddiyyətli mövqeyidir. ABŞ lideri, bir tərəfdən İranın vurula biləcəyini deyir, ardınca danışıqlarda iştiraka görə Tehrana təşəkkür edir, daha sonra yaxın bir ay ərzində razılaşmanın mümkünlüyündən danışır. Son bəyanatlarında isə razılaşma baş tutmasa, İranı “ağır bir mərhələnin” gözlədiyini açıqladı. Əslində bu ziddiyyət qarşı tərəfi təzyiq altında saxlamaq üçün seçilmiş, siyasi-psixoloji müharibə elementidir”.
Politoloqun sözlərinə görə, tərəflər nüvə proqramı məsələsində ortaq məxrəcə gələ bilmirlər:
“Tramp administrasiyası İrandan nüvə proqramını tam dayandırmağı, ballistik raket texnologiyasını məhdudlaşdırmağı və Yaxın Şərqdəki proksi qüvvələrə dəstəyi kəsməyi tələb edir. Rəsmi Tehran isə şərtlərin hamısını qəbul etmək istəmir. İranın xarici işlər naziri Abbas Əraqçi açıq şəkildə bəyan edir ki, nüvə texnologiyaları üzrə fəaliyyət İranın suveren hüququdur. İran rəhbərliyi nüvə proqramını yalnız təhlükəsizlik amili kimi deyil, dövlətin strateji inkişafının təməli kimi görür. Mövcud vəziyyət hər iki tərəfi konkret qərar verməyə məcbur edir. Ya Tehran mövqeyindən geri çəkilərək, yekun razılaşmaya gedəcək, ya da ABŞ-ın tələblərini rədd edərək, hücuma məruz qalacaq. Belə bir addım Yaxın Şərqi yeni, dağıdıcı müharibə girdabına sürükləyə bilər. Bu savaş, İrana qonşu olan ölkələr üçün təhlükəli ssenaridir. Ona görə də, İranın qonşuları ABŞ-nin hücum ehtimalını açıq şəkildə qəbul etmirlər”.
Aybəniz Səfərova