- Səadət Bənənyarlı: “Ermənistanın məsuliyyəti beynəlxalq səviyyədə qaldırılmalıdır”
İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması hər bir ailənin həqiqəti bilmək hüququna hörmətin, insan ləyaqətinin müdafiəsinin və humanitar dəyərlərə sadiqliyin ən ali ifadələrindən biridir. Bu fikirlər ombudsman Səbinə Əliyevanın şəxsi sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
Müvəkkil vurğulayıb ki, münaqişələr başa çatsa da, yaxınlarının taleyindən xəbər gözləyən ailələrin ağrısı illərdir ki, davam edir və onların hər biri doğmalarının aqibətini öyrənmək, əzizlərini layiqincə dəfn etmək və uzun sürən qeyri-müəyyənliyə son qoymaq hüququna malikdir. Səbinə Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan dövləti Birinci Qarabağ və Vətən müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkarlanması və şəxsiyyətlərin identifikasiyası istiqamətində mühüm işlər həyata keçirərək yüzlərlə ailənin illərlə davam edən həsrətinə son qoymağa çalışır və bu istiqamətdə əməyi olan bütün dövlət qurumlarının və mütəxəssislərin fədakar fəaliyyəti yüksək qiymətləndirilir. Müvəkkil müraciətində rəsmi İrəvanın qarşısında duran öhdəlikləri də vurğulayıb: "Eyni zamanda, humanitar məsələlərin siyasi məqsədlərə alət edilməsinə yol verilməməlidir. Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinə uyğun olaraq itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqlar barədə mövcud məlumatların təqdim edilməsi və bu istiqamətdə səmərəli əməkdaşlığın təmin olunması üçün zəruri addımları atmalıdır. Bu, yalnız beynəlxalq hüququn tələbi deyil, həm də insanlıq qarşısında mənəvi məsuliyyətdir”.
Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı “Sherg.az”a açıqlamasında bildirdi ki, Ermənistan tərəfini kütləvi məzarlıqların aşkarlanmasına kömək etməyə, məzarlıqların yerini bildirməsinə məcbur etmək çox çətindir. Bunun üçün müəyyən əsaslar yaratmaq lazımdır:
- Hesab edirik ki, hüquqi-diplomatik təzyiq paketi hazırlanmalıdır. Bu paketə dövlətlərarası iddia və müvəqqəti tədbirlər, müxtəlif beynəlxalq humanitar hüquq əsasında tələblər, Avropa Şurasının qətnamələri əsasında irəli sürülən təkliflər, Sülh müqaviləsinə xüsusi bənd kimi əlavənin edilməsi daxildir. Sülh müqaviləsinə kütləvi məzarlıqlarla bağı xüsusi bəndin əlavə edilməsi, ən praktik mexanizmdir. Sülh müqaviləsində ayrıca bənd olmalıdır ki, Ermənistan tərəfi bütün kütləvi məzarlıq yerləri, dəfn zonaları, arxiv məlumatları və hərbi sənədləri müəyyən müddət ərzində təqdim edir, icra beynəlxalq monitorinq altına başa çatır. Təklif edirik ki, əgər Ermənistan tərəfi əməkdaşlıq etmirsə, əməkdaşlıqdan boyun qaçırırsa, hüquqi baxımdan başqa vasitələrə keçlməlidir. Bu vəziyyətdə əsas vasitə məsələnin davamlı beynəlxalq gündəmdə saxlanılmasıdır ki aşkarlanan hər bir kütləvi məzarlıq, identifikasiya edilmiş hər bir qalıq barədə beynəlxalq təşkilalara, BMT mexanizmlərinə, regional qurumlara məlumat təqdim edilir. Sübut bazasının gücləndirilməsi, məzarılıqların koordinatları, ekspertiza rəyləri, şahid ifadələri, DTN nəticələri və digər materialların beynəlxalq standartlara uyğun sənədləşdirilməsi vacib məsələdir. Ermənistan dövlətinin məsuliyyəti məsələsi də mütləq qaldırılmalıdır. Məlumatların qəsdən gizlədilməsini ailələrin həqiqəti bilmək hüququnun pozulması kimi təqdim etmək vacibdir. Siyasi və diplomatik şərtləndirmə, gələcək sazişlərdə, regional əməkdaşlıq layihələrində və beynəlxalq platformalarda da məsələnin ayrıca öhdəlik kimi irəli sürülməsi vacibdir.
S.Bənənyarlı bildirdi ki, bu sahədə aparılacaq vacib işlərdən biri də fərdi məsuliyyət istiqamətidir:
- Fərdi məsuliyyət istiqaməti budur ki, əgər konkret hansısa şəxslərin məzarlıqların yerini bildiyi, lakin məlmatı qəsdən gizlətdikləri sübut olunarsa, həmin şəxslər barədə beynəlxalq səviyyədə məlumatlılıq bazaları formlaşdırılmalı və gələcək hüquqi prosedurlar üçün materialların toplanmalıdır. İstiqamətin əsasını bunlar təşkil etməlidir. Ümumiyyətlə, praktika göstərir ki, kütləvi məzarlıqlaırn yerləri dərhal müəyyən olunmur, illər sonra aşkarlanır. Bosniya müharibəsi dövründə də kütləvi məzarlıqların yerləri xeyli sonra müəyyən edildi. Kütləvi məzarlıqlar bəzən təsadüfən, bəzən axtarışlar sayəsində müəyyən olunur. Sübutların toplanması və beynəlxaql təzyiqin davamlı saxlanması uzunmüddətli stategiyanın əsas hissəsidir. Biz bu istiqamətdə işlərin aparılmasını, dövlətimizin fəaliyyətini müsbət qiymətləndiririk. Azərbaycan hökumətinin kütləvi məzarılıqlarda aşkarlanan qalıqların identifikasiya edilməsində gördüyü işlər təqdirəlayiqdir. Ümid edirəm ki, bu səylər nəticəsindı hər bir vətəndaşımız haqqında məlumat əldə olunacaq və ailələrinə çatdırılacaq.