Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH

  • “Söhbət artıq sadəcə diplomatiyadan getmir”

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində yeni mərhələ formalaşıb. Prosesdə ABŞ-ın fəallaşması və Prezident Donald Trampın birbaşa iştirakı Vaşinqtonun Cənubi Qafqazdakı diplomatik səylərini ön plana çıxarıb. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff son açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişin mühüm hissəsini məhz Tramp administrasiyasının prosesə fəal şəkildə qoşulması ilə əlaqələndirib.

Uitkoffun sözlərinə görə, sülh prosesinin irəliləməsi üçün əsas siyasi zəmin Azərbaycan və Ermənistan rəhbərliyinin mövcud reallıqları nəzərə alaraq uzunmüddətli sülhün vacibliyini qəbul etməsi ilə yanaşı, ABŞ administrasiyasının məsələni prioritet istiqamətlərdən birinə çevirməsi olub. Onun açıqlamaları Vaşinqtonun prosesdəki rolunun yalnız diplomatik təmaslarla məhdudlaşmadığını, ABŞ prezidentinin birbaşa iştirakı və komandası ilə koordinasiyasının növbəti addımların müəyyənləşdirilməsində əhəmiyyət daşıdığını göstərir.

ABŞ nümayəndəsi, həmçinin, regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafını nəzərdə tutan TRIPP proqramının potensial əhəmiyyətinə diqqət çəkib. Onun fikrincə, layihənin həyata keçirilməsi beynəlxalq ticarət marşrutları qarşısındakı müəyyən məhdudiyyətlərin aradan qaldırılmasına və Ermənistanın iqtisadi gələcəyinə təsir göstərə biləcək yeni imkanların yaranmasına şərait yarada bilər. Beləliklə, sülh gündəliyi ilə yanaşı, Cənubi Qafqazda nəqliyyat, ticarət və regional əməkdaşlıq məsələləri də prosesin mühüm istiqamətlərindən birinə çevrilir.

Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Stiven Uitkoffun açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətlənməsi yalnız iki ölkə arasındakı danışıqların nəticəsi kimi deyil, eyni zamanda ABŞ Prezidenti Donald Trampın prosesə birbaşa siyasi müdaxiləsinin yaratdığı yeni dinamika kimi təqdim olunur:

“Məncə, burada bir məsələni dəqiq ayırmaq lazımdır: Trampın prosesdə iştirakı sülh üçün bütün ilkin şərtləri özü yaratmayıb, lakin mövcud diplomatik imkanların daha sürətli şəkildə nəticəyə çevrilməsində ciddi siyasi impuls formalaşdırıb. Azərbaycan və Ermənistan arasında danışıqların özünün uzun müddətli tarixi var. Azərbaycan 44 günlük müharibədən sonra regionda yeni reallıq formalaşdırıb və sülh gündəliyini də məhz bu reallıq üzərində qurub. Ermənistan da zaman keçdikcə regiondakı münasibətlərin əvvəlki məntiq üzrə davam etdirilməsinin mümkün olmadığını görüb. Bu baxımdan Trampın prosesə qoşulması boş məkana daxil olan faktor deyil, artıq formalaşmaqda olan yeni siyasi şəraitə əlavə sürət verən amildir. Trampın fərqi isə ondan ibarətdir ki, o, sülh məsələsinə yalnız diplomatik münasibətlərin normallaşdırılması kimi yanaşmır. Burada iqtisadi maraqlar, kommunikasiya xətləri, tranzit imkanları və ABŞ-nin regiondakı iqtisadi iştirak perspektivi də ön plana çıxır. Bu yanaşma sülh prosesini klassik diplomatik danışıqlar çərçivəsindən çıxararaq onu regional iqtisadi transformasiya layihəsinə bağlayır”.

Analitik qeyd edib ki, TRIPP də məhz bu kontekstdə xüsusi əhəmiyyət qazanır:

“Bu layihəni sadəcə Ermənistandan keçən yeni nəqliyyat xətti kimi qiymətləndirmək düzgün olmaz. Nəqliyyat dəhlizləri yalnız yük daşımır, həm də iqtisadi münasibətlər, investisiyalar, logistika, yeni biznes imkanları və siyasi əlaqələr yaradır. Əgər TRIPP real şəkildə həyata keçirilərsə, Ermənistan uzun müddət kənarda qaldığı regional kommunikasiya sisteminin bir hissəsinə çevrilə bilər. Ermənistan baxımından bunun iqtisadi əhəmiyyəti kifayət qədər böyükdür. Tranzit imkanlarının genişlənməsi logistika və xidmət sektorunun inkişafına, yeni investisiyaların cəlb olunmasına, infrastrukturun yenilənməsinə və ölkənin regional ticarət sistemində daha aktiv mövqe tutmasına şərait yarada bilər. Ən vacibi isə Ermənistanın coğrafi mövqeyinin onun üçün iqtisadi üstünlüyə çevrilməsi imkanının yaranmasıdır. Geosiyasi baxımdan isə TRIPP daha geniş mənzərənin bir hissəsidir. Azərbaycan üçün Naxçıvanla əlaqənin təmin olunması, Şərq-Qərb nəqliyyat bağlantılarının genişlənməsi və regionun kommunikasiya xəritəsinin yenilənməsi mühüm əhəmiyyət daşıyır. Ermənistan üçün isə Azərbaycan və Türkiyə istiqamətində yeni iqtisadi və nəqliyyat imkanlarının yaranması uzun illər mövcud olmuş regional təcrid vəziyyətinin dəyişməsi deməkdir”.

İsmayılov əlavə edib ki, sülh yalnız siyasi sənədlərlə möhkəmlənmir:

“Sülhün real və davamlı olması üçün onun iqtisadi nəticələri də olmalıdır. Azərbaycan və Ermənistan arasında ticarət, nəqliyyat, logistika və digər iqtisadi əlaqələr genişləndikcə qarşılıqlı maraqların sayı da arta bilər. Bu isə siyasi normallaşmanı yalnız diplomatik bəyanatlardan ibarət proses olmaqdan çıxarıb gündəlik iqtisadi reallığa çevirə bilər. Məncə, Trampın prosesdəki birbaşa iştirakı olmasaydı da Azərbaycan-Ermənistan münasibətlərində müəyyən irəliləyişlərin baş verməsi mümkün idi. Çünki bunun üçün əsas siyasi və geosiyasi zəmin artıq mövcud idi. Lakin Tramp faktorunun prosesə daha sürətli dinamika gətirməsi və sülh məsələsini iqtisadi layihələrlə birləşdirməsi danışıqların miqyasını dəyişən amillərdən biri oldu. Bundan sonrakı əsas məsələ isə əldə edilən razılaşmaların praktiki icrasıdır. Çünki diplomatiyada sənədin imzalanması son nöqtə deyil. Əsas nəticə sərhədlərin sabitləşməsi, kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin qurulması, insanların və malların hərəkətinin genişlənməsi və iqtisadi layihələrin real fəaliyyətə başlaması ilə ölçüləcək. Bu baxımdan TRIPP-in əhəmiyyəti yalnız Ermənistanın iqtisadi gəlirləri ilə məhdudlaşmır. Layihə reallaşarsa, Azərbaycan, Ermənistan, Türkiyə və daha geniş region arasında yeni iqtisadi bağlantılar formalaşa bilər. Yəni burada söhbət sadəcə bir marşrutdan deyil, Cənubi Qafqazın iqtisadi xəritəsinin dəyişməsindən gedir. Əslində Azərbaycanın 44 günlük müharibədən sonra ortaya qoyduğu əsas regional yanaşmalardan biri də budur: münaqişədən sonrakı dövr yalnız siyasi münasibətlərin müəyyənləşdirilməsi ilə bitməməli, yeni iqtisadi və nəqliyyat reallıqları yaratmalıdır. Əgər bu proses uğurla davam edərsə, Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurma mərhələsindən əməkdaşlıq mərhələsinə keçidin əsas dayaqlarından biri məhz iqtisadi bağlantılar ola bilər”.