İranda son günlər baş verən hadisələr regionu izləyən hər kəsin diqqətini cəlb edir. Müxtəlif şəhər və bölgələrdə müşahidə olunan etirazlar, ölkədə yığılıb qalmış sosial, iqtisadi və siyasi problemlərin yenidən gündəmə gəldiyini göstərir. Bu proseslər təkcə gündəlik həyatla bağlı narazılıqlarla məhdudlaşmır, eyni zamanda idarəetmə sistemi ilə cəmiyyət arasındakı münasibətlərin hansı vəziyyətdə olduğunu da ortaya qoyur.
Mövcud vəziyyəti anlamaq üçün baş verənlərə yalnız qısa müddətli etiraz aksiyaları kimi baxmaq kifayət etmir. Hadisələr daha geniş kontekstdə-dövlətin idarəçilik mexanizmləri, ictimai gözləntilər və bölgələr arasında mövcud tarazlıq fonunda qiymətləndirilməlidir. Bu baxımdan, İranda yaşananlar həm daxili siyasi proseslər, həm də ölkənin gələcək istiqaməti ilə bağlı mühüm suallar doğurur.
İstanbul Universiteti Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professoru, türk politoloq Yaşar Onay "Şərq"qəzetinə açıqlamasında İranda baş verən hadisələrin klassik iqtisadi etiraz dalğası olmadığını söyləyib:
"Müşahidə etdiyimiz mənzərə, rejimin legitimliyini birbaşa hədəf alan daha dərin siyasi qırılmaya işarə edir. Xüsusilə Əli Xamenei əleyhinə şüarların açıq və geniş yayılması, bu prosesin adi və “keçici narazılıq” olmadığını göstərir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, etirazlar yalnız mərkəzi şəhərlərlə məhdudlaşmır. Güney Azərbaycan adlandırılan bölgələrdə başlayan hərəkətlilik, məsələnin etnik və kimlik ölçüsünün yenidən görünən hala gəldiyini göstərir. Bu isə İran üçün hər zaman ən həssas hədlərdən biri olub. Çünki iqtisadi narazılıq müəyyən qədər nəzarət altına alına bilər, lakin kimlik və təmsilçilik tələblərini uzun müddət təhlükəsizlik refleksləri ilə idarə etmək mümkün deyil".
Analitik rejimin iki cəbhədə ciddi çətinlik yaşadığını deyib:
"Bir tərəfdən ağırlaşan iqtisadi şərait səbəbilə ictimai razılıq sürətlə aşınır, digər tərəfdən isə siyasi itaət artıq “öz-özünə” istehsal olunmur. Bu da onu göstərir ki, etirazlar zor gücü ilə yatırdılsa belə, rejimin sədaqət yaratma qabiliyyəti zəifləyib.
Qısa müddətdə İranda ani bir rejim dəyişikliyi gözləmirəm. Dövlətin repressiv mexanizmləri hələ də güclüdür. Lakin orta perspektivdə bir həqiqət çox aydındır: bu dalğa, yatırılmış olsa belə, kollektiv yaddaşa həkk olunub. Rejim artıq cəmiyyətin əhəmiyyətli bir hissəsi üçün “toxunulmaz” deyil. Xüsusilə Güney Azərbaycan kimi periferik bölgələrdə yüksələn səslər, mərkəz-ətraf balansının İran rejimi əleyhinə pozulduğunu göstərir".
Ekspert İrandakı problemin yalnız iqtisadi olmadığını söyləyib. Politoloq proqnoz verərək III Dünya müharibəsinin yaxın vaxtlarda başlayacağını vurğulayıb:
"Əsas məsələ hakimiyyətin legitimliyinin açıq şəkildə sorğulanmağa başlamasıdır. Bu hədd aşıldıqdan sonra geri dönüş həmişə çətin olur. Qeyd etməliyəm ki, 3-cü dünya müharibəsi yaxın vaxtda reallaşacaq".