Dünən axşam saatlarında Qəbələ rayonu Zərgərli kəndində keçirilən toy mərasimi zamanı qonaqlardan 72 nəfəri qidadan zəhərlənib.
APA-nın yerli bürosunun xəbərinə görə, zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb, səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda Mərkəzi Xəstəxanada 5, Diaqnostika Mərkəzində 3 xəstənin stasionar müalicəsi davam etdirilir.
Zəhərlənən şəxslərdən 1961-ci il təvəllüdlü İlqar Mikayılov, 1991-ci il təvəllüdlü Vahid Abdullayev, 1970-ci il təvəllüdlü Dilşad Abdullayev, 2012-ci il təvəllüdlü Nərmin Qurbanova, 2001-ci il təvəllüdlü Nurlan Əsgərov, 1992-ci il təvəllüdlü Rauf Mikayılov, 1969-cu il təvəllüdlü Sevgili Muradov, 1960-cı il təvəllüdlü Elnur Xurşudov, 1970-ci il təvəllüdlü Habil Nurəddinovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
****
19:24
Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.
Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.