Güclü külək şimal bölgəsində ciddi fəsadlar yaratdı - FOTO

Bu gün gecə saatlarından ölkənin şimal bölgəsində başlayan güclü külək həm işıq, həm də qaz təsərrüfatına ciddi ziyan vurub. Fəsadlar əsasən Xudat şəhərinin mərkəzində, Muxtadır, Vələmir kəndlərində və digər yaşayış massivlərində qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC və “Azəriqaz” İB-nin birgə məlumatında qeyd olunub.

Belə ki, ağacların, fərdi yaşayış evlərinin, müxtəlif təyinatlı tikililərin hasar və dam örtüklərinin aşması nəticəsində kommunal təsərrüfata ciddi ziyan dəyib. İşıq dirəkləri aşıb, qaz tənzimləyici şkaflar və sayğaclar zədələnib.

İlkin olaraq 30-a yaxın işıq dirəyinin aşdığı, xətlərin qırıldığı, ayrı-ayrı yerlərdə 57 mm diametrlik qaz borularının zədələndiyi qeydə alınıb. İşıq və qaz təchizatında müvəqqəti fasilələr yaranıb.

Lakin “Azəriqaz” İB və “Azərişiq” ASC-nin birgə fəaliyyəti nəticəsində məlumat mübadiləsi aparılır, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür. Yaranmış vəziyyət hər iki qurumun rəhbərliklərinin nəzarəti altındadır.

Narahatlıqlar barədə sakinlərin “Azərişiq”ın (199) və “Azəriqaz”ın  (104 və 185) çağrı mərkəzlərinə məlumat vermələri xahiş olunur