Diqqət! -  Qidadan zəhərlənmə hallarını gizlətmək olmaz -  Ölüm riski... 

Qax rayonunun Əmircan kənd sakini,1991-ci il təvəllüdlü N.Məmmədov   göbələkdən zəhərlənib. Xəstəxanada ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.  Ötən gün  isə “Kliniki Tibbi Mərkəz” publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı iki nəfər daxil olub. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Füzuli rayonundan pomidor turşusundan zəhərlənən ata və qızı - 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva 12 noyabr tarixində xəstəxanaya yerləşdirilib.Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər. Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev gecə saatlarında dünyasını dəyişib. Aytac Mirzəyevanın isə vəziyyəti ağırdır. 

Bu olay qida zəhərlənməsi mövzusunu  yenidən gündəmə gətirdi. Zəhərlənməyə səbəb olan, bir çox hallarda bizi ölümlə üz-üzə qoyan  göbələk və pomidor bağlaması kimi qidaların hazırlanmasında daha çox nəyə diqqət etməliyik?

Mövzu ilə bağlı “Sherg.az”a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov artıq 24 ildir  AİB-nin bu məsələləri təhlil etdiyini söyləyib: 

“Bu illər ərzində şahidi olmamışam ki,Azərbaycan həkimi bir şəxsin sənaye üsulu ilə hazırlanmış hansısa məhsuldan zəhərləndiyini desin. Çünki maraqlar konfilikti var. Hər bir sənaye üsulu ilə hazırlanmış məhsullara dövlət orqanları sertifikat verir”. 

E.Hüseynov Azərbaycan mətbəxində evdə şoraba hazırlamaq kimi bir mədəniyyətsizliyin olduğunu vurğulayıb:

 “Təəssüf ki, bu hal uzun  müddətdir davam edir. Düşünürəm ki, buna bir son qoyulmalıdır. İnsanlar şoraba istəyirlərsə, sənayə üsulu  ilə hazırlanmış olanlara üstünlük verməlidirlər. Qida mədəniyyətində şoraba arzuolunmaz bir qidadır”.  

Göbələkdən zəhərlənmə hallarına  gəlincə isə AİB sədri  bu  qidanın risqli məhsullar sırasında olduğunu bir daha diqqətə çatdırıb:

“Mənşəyindən  asılı olaraq olduqca tez zəhərlənməyə səbəb olan bir qidadır. Bacardıqca bu məhsuldan uzaq durmaq lazımdır. Hər halda zəhərlənmə halları gizlədilmədikcə  onlara qarşı daha yaxşı  mübarizə apara bilərik”.