İki şadlıq evinin sahibinə cinayət işi açıldı


Dekabrın 3-də Bakı şəhərində və respublika ərazisində 213 toy şənliyinin monitorinqi həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.

Monitorinq 206 şadlıq sarayında, yeddi şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə səkkiz nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, iki şadlıq sarayının sahibi barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilib ki, ötən gün 105 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.