Qəfil ölüm halları hərəkətsizliklə bağlıdır

Pandemiya dövründə də gənc yaşda ürək-damar problemlərinin sayı və ölüm halları artdı

  Son illər cəmiyyətdə qəfil ölüm hallarının artmasına şahid oluruq. Sanki ildən-ilə ölüm yaşı “cavanlaşır”. Xəstəxanalar xəstələrlə dolub-daşır.  İki gün əvvələ qədər görüşüb-danışdığımız insanların ölüm xəbərini eşidirik. Bu isə haqlı olaraq insanlarda təşviş və qorxu yaradır. Artıq sağlam insanlar belə həyatlarını  “ölüm qorxusu” ilə keçirirlər. Bəs, ürəyindən şikayət etməyən adamların qəfil ürəktutmasından dünyasını dəyişməsinə səbəb nədir?

  Mütəxəssislərin fikrincə, insanların qəfil ölümünə gətirib çıxaran səbəblər  çox müxtəlifdir. Qeydlərə görə, hazırda bütün dünyada baş verən ölümlərin əsas səbəbi ürək-damar xəstəlikləridir. 

Ürək-damar xəstəliklərindən, ölüm hallarının isə  beşdə dördündən çoxu infarkt və insult nəticəsində baş verir, bu ölümlərin üçdə biri də vaxtından əvvəldir. Qəfil ölümlərin digər səbəbinin  də keyfiyyətsiz qidalar olduğu ehtimal edilir. Qeyd edək ki, həyat tərzi dəyişiklikləri ürək xəstəliklərinin qarşısını ala və bu xəstəlikdən ölüm riskini azalda bilər. Bunun üçün sağlam qidalanmaq, stressdən uzaq olmaq, müəyyən yaş dövründən sonra analizlər vermək lazımdır. 

  Kardioloq Ramil Əliyev “Şərq”ə açıqlamasında deyib ki, həqiqətən də, gənc yaşda infarktlara bağlı ölüm sayında əvvəlki illərlə müqayisədə artım var. Səbəb də odur ki, artıq çox az hərəkət edirik: 

“Oturaq cəmiyyət olmuşuq, daha çox süni qidalarla bəslənirik, "fast-food” yeyirik. Bunlar da sağlamlığa olduqca zərərlidir. Oturaq həyat tərzi keçirdiyimiz, çəki aldığımız zaman problemlər yaranır. Xüsusilə, irsi olaraq ailəsində ürək-damar xəstəlikləri olanlarda bu kimi faktorlar varsa, tütündən də istifadə edirsə, gənc yaşda qəfləti ölümlər artır. Pandemiya dövründə də gənc yaşda ürək-damar problemlərinin sayı və ölüm halları artdı. Çünki pandemiya dövründə zallar bağlandı, qapanmalar oldu ki, bu da hərəkətliliyi çox azaltdı. Qəfil  ölüm hallarının önəmli bir hissəsinə səbəb damar trombozları – damarda laxta yığılmasıdır. Bəzən immun sistemi zəif, tez-tez xəstələnən insanlar çox yeyərək immunitetlərini artırmaq istəyirlər. Bu da yanlış və sağlamlığa zərər verən bir haldır”. 

  Həkimin sözlərinə görə, heç bir şikayəti olmadan ölən insanlar çox kiçik qrupdur. Əksər hallarda ürəktutmasından dünyasını qəfil dəyişənlərin ürəyindən şikayəti olur, həm də qəfləti ölümdən bir neçə gün əvvəl bu cür şikayətlər daha çox baş verir:  

“Sadəcə, bunu ciddiyə almırlar, üstünə düşmürlər. Ürək şikayətləri mədə-bağırsaq şikayətləri ilə çox qarışdırılır. İnsanlarımız düşünürlər ki, ürək ağrısı sol tərəfdə olur, sancır, batır, deşir. Bunların heç biri ürək ağrısı deyil. Sol tərəfdə olan istənilən ağrını ürək ağrısı kimi qəbul edirlər. Bəzən bu ağrı psixoloji xarakterli də ola bilir. İnsan özündə ağrı olduğunu düşünür. Ürək problemində sinənin ortasında, yaxud mədə nahiyəsində göynədici, yandırıcı ağrı olur. Hərəkət vaxtı ciddi təngnəfəslik yaranır. Hərəkət edərkən bu insanların sinələri göynəyir. Ağrı qollara və çənənin altına yayıla bilər. Belə ağrı zamanı insanı tər basır, ölüm qorxusu yaşayırlar. Bu hiss, o biri ağrılarda olmaz. Ona görə də bu tip ağrı varsa, ciddiyə alınmalıdır”.

  R.Məmmədlinin sözlərinə görə, ağrının müddətinə diqqət etmək çox vacibdir. İnfarkt sırasında ağrı 5-10 dəqiqə kimi qısa müddətə keçmir. Ağrı, adətən, hərəkətlə şiddətlənir, istirahət ilə qismən azalır, amma xəstə tam tibbi yardım almadan tamamilə keçmir:  “Eyni zamanda infarkt sırasında başqa əlamətlər də görürük. Ən çox gördüyümüz başqa bir əlamət sol qolda olan keyimədir. Çox nadir də olsa bəzən biz xəstələrdə qusma, ürək bulanması kimi şikayətlər də görə bilirik.
Adətən sinirdə hər iki qolun keyiməsi birlikdə görülür. Həm sağ, həm sol qolda bu görülür. İnfarkt sırasında isə sadəcə sol qolda görülür.
Bundan əlavə olaraq sol qolda keyimə ürək ağrısı ilə bərabər görülürsə, bu, daha çox infakt əlamətidir”.
  Tromblarla əlaqədar ölüm hallarının artmasına toxunan kardioloq deyib ki, ürək və ağciyər damarlarının trombları çox təhlükəlidir. Onun sözlərinə görə,  bəzi hallarda ürək infarktı nəticəsində baş verən qəfləti ölümlər də trombla əlaqələndirilir. Trombun ağciyər damarlarına düşməsi nəticəsində ağciyər emboliyası yaranır. Bu xəstəlik zamanı əksər hallarda ölüm faizi çox yüksəkdir: “Kəskin pulmonar emboliyanın əsas səbəblərindən biri aşağı ətraf venalarda yaranan problemdir. Bunun nəticəsində tromblar meydana gəlir. Kəskin halda yaranan trombun yapışma ehtimalı yoxdur və ona görə də yuxarı hissəyə atılır. Tromb damarla ürəyin içinə, oradan isə ağciyərə gedir. Tromb ağciyər damarını tutanda emboliya və yaxud ağciyər infarktı əmələ gəlir.
  Tromblar əsasən artıq çəkili insanlarda yaranır. Problemə qadınlarda daha çox rast gəlinir, digər səbəb keçirilən əməliyyatlar olur: Diz oynağında, sümüklərdə, ombada keçirilən əməliyyatlar səbəbindən venoz çatışmazlığı, qan dövranının zəifləməsi trombun yaranması ilə nəticələnir. Tromb heç bir əlamət verməyə də bilər. Trombun olub-olmadığını bilmək istəyən şəxs ilk növbədə həkimə, kardioloqa müraciət etməlidir. Trombların aşkar edilməsi üçün əsasən USM və dopler müayinəsindən istifadə olunur. Trombların yaranması irsi faktordan deyil, daha çox şərait, həyat tərzindən asılıdır”.
  “Qəfil ölümlərin əhəmiyyətli bir hissəsi isə insult səbəbindən olur. İnsult  təcili tibbi vəziyyətdir. Bu zaman simptomlar anidən ortaya çıxır və ortaya çıxdığı zaman da hər dəqiqənin öz hökmü olur”- deyə kardioloq əlavə edib. O, böyük təəssüf hissi ilə qeyd edib ki, son illər insult  da cavanlaşan xəstəliklər arasında ön sıralarda yer alır: “Buna da səbəb insanların neqativ emosiyalarla çox yüklənməsidir. Həyəcan, gərginlik, gündəlik həyat tərzimiz də insultun başlıca səbəblərindən biridir. Əvvəllər bayramlarda insanlar kütləvi şəkildə pozitiv enerjiyə köklənirdilər. Bu günlərdə isə biz bayramları belə könül xoşluğu ilə keçirə bilmirik. Bu cür gərginliyin fonunda təzyiq artır, qan dövranının pozulması ağır xəstəliklərə gətirib çıxarır”.