Bakıda orta məktəbdə kütləvi zəhərlənmə

6 nəfərdən birinin vəziyyəti ağır qiymətləndirilir

Pediatr: “Yuxarı sinif şagirdlərinin qidalanması açılası dərd deyil. Bütün günü repetitor yanına qaçan uşaqlar nə olsa yeyirlər”


  Bakıda orta məktəbdə kütləvi zəhərlənmə qeydə alınıb. Məlumata görə, hadisə Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində baş verib. Zəhərlənənlərin ibtidai sinif şagirdləri olduqları bildirilib.

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun sözlərinə görə, məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib: "Onlar mədə ağrısı şikayətləri ilə müraciət ediblər. Təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir.

  Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək. 
  TƏBİB-in məlumatına görə, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. 

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib: "6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

  Baş Prokurorluğun Mətbuat xidmətindən  isə bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

  20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Məktəblilərin qidalanma məsələsinin hər zaman  problemli olduğunu vurğulayan pediatr Vaqif Qarayev isə “Şərq”ə açıqlamasında  deyib ki, az qala 10 anadan 9-u uşağının  səhərlər yemək yeməməsindən şikayətlənir.  İkinci növbədə oxuyan şagirdlər isə gec yatıb, gec oyandığından səhər yeməyini saat 11-12-də yeyir. Günorta da evdən məktəbə ac gedən uşaq evə gələnə qədər ac qala bilməz axı.

 Məktəbin bufetindən nəsə alıb yeyir. Bu  isə düzgün deyil. Səhər və ya günorta olmasından asılı olmayaraq evdən ac çıxan uşaqlar  özləri ilə yemək götürsələr yaxşı olar.  Bu dediklərim hələ aşağı sinif şagirdlərinə aiddir. Yuxarı sinif şagirdlərinin qidalanması isə açılası dərd deyil. Bütün günü repetitor yanına qaçan uşaqlar nə olsa yeyirlər. Məktəbli uşaqların sağlam qidalanmaması çox ciddi və müzakirə olunası mövzudur”.

  Pediatrın sözlərinə görə, uşaqları yarımfabrikatlardan, quru qidalardan  uzaq tutmaq lazımdır. Analar övladlarına fasilədə yemələri üçün ev şəraitində buterbrodlar  hazırlasa daha yaxşı olar”.