FHN Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki şəhəri, Köbər Zəyzid kəndində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
"Report" xəbər verir ki, FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

21:05
Şəkidə avtomobil ağaca çırpılıb, dörd nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.