Göyərtəsində üç nəfərin olduğu "Robinson" helikopteri Voloqda vilayətinin Voje gölü yaxınlığında qəzaya uğrayıb. Sherg.az TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsinin mətbuat xidmətinin jurnalistlərə verdiyi məlumata görə, iki nəfər xəsarət alıb.
“2023-cü il sentyabrın 10-da göyərtəsində üç nəfərin olduğu Voloqda vilayətinin Voje gölü ərazisində Robinson helikopterinin qəzaya uğraması barədə xəbər gəldi. Hadisə nəticəsində iki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlara tibbi yardım göstərilir, daha bir nəfər isə hazırda itkin düşənlər siyahısındadır”, - deyə mətbuat xidmətindən bildirilib.
İstintaq Komitəsi əlavə edib ki, helikopterin suyun üzərindən aşağı enməsi hadisənin səbəblərindən biri hesab olunur. Faktla bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi) cinayət işi başlanıb. Müstəntiqlər hadisə yerinə gedib və hadisənin bütün hallarının müəyyən edilməsinə yönəlmiş bir sıra istintaq hərəkətləri təşkil ediblər.