Qarabağ erməniləri arxiv sənədlərini yandırır

Bu, onların qorxusunun təzahürüdür

  Azərbaycanın Qarabağ bölgəsindən olan ermənilər arxiv sənədlərini yandırmağa başlayıblar. Bu barədə erməni KİV-də görüntülər yayılıb.
  Bölgədəki hazırkı vəziyyətdə ermənilərin belə addım atması ictimaiyyətdə maraq doğurub. Onların arxiv sənədlərini yandırmaqla nəyi gizlətməyə çalışdıqları sualını doğurub.
  “Ermənilər üçün yandırma taktikası yeni bir anlayış deyil”.
Bu sözləri “Sherg.az"a açıqlamasında politoloq Aytən Qurbanova bildirib:

“Ermənilər Kəlbəcər və Laçından çıxarkən yandırılan ağaclar, məktəb binaları, evlər kimi indi də Xankəndi və digər bölgələrdə arxiv sənədlərinin yandırılması ilkin olaraq onların nifrət zəminində olan çıxışlarının aydın ifadəsidir. Bu, eyni zamanda onların qorxusunun təzahürüdür. Çünki həmin “arxiv sənədlərində” orada yaşayan ermənilərin sayı, kimliyi, nə vaxt həmin əraziyə gəlməsi ilə bağlı ətraflı məlumatların olması ermənilərin iddia etdiyi sayda əhalinin heç vaxt orda yaşamadığını əyani şəkildə sübut edəcək faktlardır. Digər tərəfdən, 30 illik işğal dövründə Azərbaycan torpaqlarının istismar olunması, milli sərvətlərimizin kim və kimlərlə əməkdaşlıq yolu ilə daşınması və bütövlükdə bütün qeyri-qanuni fəaliyyətlərlə bağlı qeydlər həmin yandırılan sənədlərdə ola bilər. Amma qorxunun əcələ faydası olmadığı kimi, həmin yandırılan sənədlər də ədalətin bərqərar olmasına heç bir halda mane ola bilməz. Gec və ya tez cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verəcək və yalnız Qarabağın həqiqi sakinləri Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək orada yaşamaq hüququ əldə edəcəklər”.