Təhvilvermə prosesində hər hansı insident baş verməyib
Ermənistanın əsir saxladığı iki hərbçimiz - Aqşin Bəbirov və Hüseyn Axundov azad olunaraq Azərbaycana qaytarılıb. Qazax rayonunda baş tutan təhvilvermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşları iştirak ediblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xəbər verib ki, təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər. Əsirlikdən azad edilən Hüseyn Axundov səhhətinin yaxşı olduğunu bildirib: “Sevinirəm ki, Azərbaycana geri qayıdıram, hər şey yaxşıdır”. O qeyd edib ki, çox xoşbəxtdir. Aqşin Bəbirov da bunları deyib: “Bu dövlət bizi qoymazdı ki, uzun müddət əsir qalaq". Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan və Ermənistan arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub. Erməni əsirliyindən azad edilən Hüseyn Axundovun anası Şəlalə Axundova dünyanın ən xoşbəxt anası olduğunu deyib. Oğlunun əsirlikdən azad edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, iki gəncimizin nəhayət öz vətənlərinə dönməsi və ailələri ilə qovuşması çox sevindirici haldır. Ekspert bildirib ki, Azərbaycan dövləti, ümumiyyətlə, indiyə kimi heç bir əsgəri əsirlikdə girovluqda saxlamayıb:
"Tək əsgərimizi deyil, mülki vətəndaşlarımızla bağlı da qətiyyətli siyasi iradə ortaya qoyaraq, nəyin bahasına olur-olsun öz vətəndaşlarımızı qorumuşuq, təhlükəsizliyini təmin etmişik. Azərbaycan dövləti növbəti dəfə iradə göstərərək vətəndaşlarına sahib çıxdı. Dövlətimizi, xalqımızı və əsgərlərimizin ailələrini təbrik edirəm, gözləri aydın olsun. Gözlənilən idi və hamımız inanırdıq. Şübhə etmirdik ki, azərbaycanlı əsgərlər gec-tez öz evlərinə qayıdacaqlar".
Ə.Şahidov vurğulayıb ki, bu addım eyni zamanda iki ölkə arasında sülh müqaviləsinin qısa zamanda imzalanmasına da böyük təkan verəcək:
"Beynəlxalq təşkilatlar, Qərb dövlətləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini dəstəkləyirlər. Rəsmi İrəvan sülh müqaviləsinin şərtlərini qısa zamanda qəbul edərsə, Azərbaycanla sülh müqaviləsinin imzalanması reallaşar. Bu, təkcə iki ölkə üçün deyil, ümumiyyətlə, Cənubi Qafqazda sülhün, inkişafın və qarşılıqlı əməkdaşlığın əsasının qoyulması üçün önəmlidir".