Xankəndidə şər yuvası olan binalar sökülür -Şərh

Bu şəhərdə ermənilərin heç bir tarixi abidəsi yoxdur və heç vaxt olmayıb

“Sovet vaxtı tikilənlər də Azərbaycanın pulu ilə tikilib. Ermənilər heç nəyə iddia edə bilməz”

  Xunta rejiminin işğal dövründə Xankəndidə qanunsuz inşa etdiyi binaların sökülməsinə başlanılıb.  Ermənistan silahlı qüvvələrinin və separatçıların 30 ilə yaxın işğalda saxladıqları ərazilərdə törətdikləri vandalizm aktlarının aradan qaldırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən zəruri addımlar atılır. Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı “parlament binası”nın Azərbaycan hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər. Sökülən digər bina isə “Artsaxı azad etmiş döyüşçülər” İttifaqının binasıdır (Ermənistan Respublikasının Könüllülər İttifaqı da (“Yerkrap”) . Xankəndidə qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya, erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər. Lakin bu iddiaların hamısı əsassızdır. Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb. Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub. Qondarma qurumun “parlament” binasına və “Yerkrap”-ın binasına gəldikdə, hər iki bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının hazırlandığı və icra edildiyi məkan hesab olunur. Qondarma “Artsax parlamenti”nin binasının açılışı separatçı rejimin elan edilməsinin 16-cı ildönümü günü 2007-ci il sentyabrın 2-də olub. Mərasimdə Ermənistan parlamentinin spikeri Tiqran Torosyan da iştirak edib. Binanın tikintisi zamanı külli miqdarda yeyintiyə yol verildiyinə dair mətbuatda faktlar dərc olunub. “Parlament” binası Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib. “Artsaxı azad etmiş döyüşçülər” ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı (Yerkrap) isə üçmərtəbəli olub, bina yuxarıdan baxdıqda xaç işarəsini xatırladıb. 
  Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş binanın açılışı 2013-cü il mayın 9-da baş tutub. Açılışda Ermənistan Prezidenti Serj Sarkisyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak edib. Binanın açılışı mayın 9-na Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunub (Şuşa 1992-ci il mayın 8-də işğal olunsa da, ermənilər həmin günü 9 mayda qeyd edirdilər). Açılış bu münasibətlə Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş verib. Bina separatçı rejimin “müdafiə nazirliyi”nin dəstəyi və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada ölmüş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda “investisiya” qoymuş VALLEX-qrup və Moskva, Stavropol şəhərlərindəki erməni diasporunun nümayəndələrinin sponsorluğu ilə tikilib. Məlumdur ki, “Yerkrap” terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərib, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edib. Təyinatından da aydın olduğu kimi, erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərinin sökülməsində qeyri-adi nəsə axtarmaq ancaq axmaq adamların ağlına gələ bilər. Bununla yanaşı, qeyd olunduğu kimi, işğal dövründə Xankəndidə Baş plandan kənar qanunsuz tikililər inşa olunub. Qanunsuz tikililərin isə Azərbaycanın istənilən yerində qarşısı alınır.

  Ermənilərin yersiz hay-küyünün tarixi ədalətin bərqərar olmasına təsir etməyəcəyini söyləyən  Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Xankəndi sakini Həvva Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu şəhərdə ermənilərin heç bir tarixi abidəsi yoxdur və heç vaxt olmayıb: 
- Biz şər yuvası olan o binaların necə söküldüyünü efirdə izlədik. Bu söküntü işləri bütün qarabağlıların böyük sevincinə səbəb olub.  Çünki azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti,  soyqırım qərarları, separatçıların, Ermənistan rəhbərliyində təmsil olunan cinayətkarların Azərbaycana və Azərbaycan xalqına qarşı qəbul etdiyi müdhiş qərarlar məhz o binada qəbul edilirdi vaxtilə. Digər bina da cinayətkarların, qaniçənlərin yuvası olub. Belə şər yuvaları, canilərin məskəni olmuş binalar, əlbəttə sökülməlidir. İçərisində xalqımıza, dövlətimizə qarşı faciəli planların qurulduğu binaların sökülməsi təqdirəlayiqdir. 

H.Məmmədova bildirdi ki, Xankəndidə tarixi tikililər var, lakin ermənilərin onların heç birinə aidiyyəti yoxdur: 
- Xankəndidə böyük tikinti işlərinə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanında başlanılıb. Ulu Öndər Qarabağın inkişafına xüsusi diqqət ayırırdı. Nəinki Xankəndi, Ağdərə, Şuşa... Qarabağın bütün bölgələrində Ulu Öndərin siyasi rəhbərlikdə olduğu illərdə nəhəng tikinti-quruculuq işləri aparılıb. Xankəndi (o zaman Stepanakert) Pedaqoji İnstitutu, yataqxanalar, xəstəxana, xəstəxananın cərrahiyyə korpusu, kitabxanalar, İpək fabriki, yaşayış binaları, bunlar hamısı Heydər Əliyevin zamanında və Azərbaycanın dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikilib. Baxmayaraq ki, nankor qonşularımız  Moskvaya yazdıqları danoslarda, guya, “Dağlıq Qarabağ”ın iqtisadi inkişafdan geri qaldığını iddia edirdilər, bizim tədqiqatçılar, iqtisadçılar statistik rəqəmlərlə sübut etdilər ki, bunlar ağ yalandır. “Dağlıq Qarabağ”a hər il dövlət büdcəsindən nə qədər vəsaitlər ayrılıb, bura Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olub.  Xankəndinin tikilməsində, müasirləşməsində hər bir azərbaycanlının əməyi var. Ermənilərsə tarixən öz məkrli siyasətlərinin əsiri olublar. Onlar həmişə çalışırdılar ki, tikintisində iştirak etdikləri binalara xaç işarəsi qoysunlar. Sonra da haray salıb desinlər ki, orda erməni izləri var. Onlar torpağa da saxta tarixi izlərini qoymağa çalışırdılar. Bunlar gələcəyə hesablanmış hədəflər idi ki, qazıntılar zamanı erməni xaçı, erməni yazısı üzə çıxsın və saxta tarixi sübutları dünyaya nümayiş etdirsinlər. Lakin ədalət, həqiqət gec də olsa, həmişə aşkara çıxır. Qarabağda, eləcə də Xankəndidə ermənilərə məxsus heç bir tarix, tarixi bina yoxdur. Sovet vaxtı tikilənlər də Azərbaycanın pulu ilə tikilib. Ermənilər heç nəyə iddia edə bilməz.  Biz qarabağlılar ermənilərin tikdirdiyi binalarda heç yaşamarıq da. Öz dövlətimizə nə gəlib?! Sağ olsun, dövlətimiz, dövlət başçımız, cənab İlham Əliyev. Doğma Qarabağa qayıdacaq əhalimiz üçün yeni binalar tikməyə Azərbaycan dövlətinin iqtisadi gücü yetərincədir. Yaşayış üçün münasib olan binalar da var, hansılar ki dediyim kimi, Sovet illərində Azərbaycanın vəsaiti ilə tikilib. Öz doğma evlərimizə qayıtmaq, vaxtilə bizi zor gücünə, işgəncələrlə didərgin saldıqları öz evlərimizə qayıdacağıq. Xankəndidəki o evlərə, binalara separatçı ermənilərin heç bir haqqı yoxdur.