Ekspert: 3 hərbi kollecin yaradılması ordumuzun gücünü artıracaq

 Qərar peşəkar hərbi kadrların hazırlanması istiqamətində reallaşdırılan sistemli tədbirlərin tərkib hissəsidir
 
 
 Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb. Bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib. Kollec hərbi sahədə orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirəcək.
Qeyd edək ki, Müzəffər ordumuzun Böyük Qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin müdafiə potensialının gücləndirilməsi, hərbi qüdrətinin artırılması istiqamətində işlər yeni mərhələyə qədəm qoyub. Bu xüsusda diqqətçəkən məqamlardan mühümü məhz müharibənin, döyüş təcrübəsinin, eyni zamanda qardaş Türkiyənin hərbi sisteminin əsas götürüldüyü ordu quruculuğu tədbirlərinin həyata keçirilməsidir. Elə müharibənin ardınca işğaldan azad olunan torpaqlarda ilkin mərhələdə komando birliklərinin yaradılması da bu fikrin təsdiqidir. Ötən il dekabrın 14-də isə  Prezident  İlham Əliyev “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Həmin fərmanla Nazirlər Kabinetinə peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin üç ay müddətində yaradılması tapşırılıb.
 
Hərbi ekspert Elxan Şıxəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin qərarı ölkə başçısının  müvafiq Fərmanına əsasən ölkənin üç şəhərində xüsusi təyinatlı hərbi kollecin yaradılması da ordu quruculuğu, peşəkar hərbi kadrların hazırlanması istiqamətində reallaşdırılan sistemli tədbirlərin tərkib hissəsidir: 
“Bu kolleclərə 9,10, və 11-ci sinif şagirdləri daxil ola bilərlər. Hərbi təhsil müddətinin 2 il olması nəzərdə tutulub. Xüsusi təyinatlı hərbi kolleclərə bir növ gizir olmaq üçün peşə məktəbi də deyə bilərik. Amma təhsilini davam etdirmək istəyən şəxslər ali məktəblərə qəbul ola və zabit heyətinə keçə bilərlər. Mülki təyinatlı təhsil müəssisələrinə qəbul olan xüsusi təyinatlı hərbi kolleci bitirən şəxslərin aldıqları təhsil, onların bakalavr səviyyəsindəki ixtisas seçimində üstünlük qazandıracaq. Bu kolleclər hərbi təhsilin bir mərhələsi olub boşluqları aradan qaldırmağa xidmət edəcək, hərbi-vətənpərvərlik ruhunda olan gənclərimizin daha yaxşı hərbi təhsil almasına səbəb olacaq”.

 Hərbi ekspert əlavə edib ki, hərbi kollecdə təhsili alacaq şəxslər xidmətə çağırılmır:
 “Onların bu iki il ərzində sözügedən kolleci bitirib hərbi peşədə fəaliyyət göstərmələrinə şərait yaradılır. Ona görə də hərbi təhsil almağa dair müraciət 9-cu sinifdən başlayır. Beləliklə də, bu şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istər gizir, istərsə də zabit kateqoriyasında fəaliyyət göstərə bilərlər. Ümumiyyətlə, ordumuzun ehtiyaclarını zabit kateqoriyasında liseylər, gizir kateqoriyasında kolleclər təmin edəcək. Kolleclərdən liseylərə keçid mümkün olacaq. Liseyləri bitirən şəxslərin isə Azərbaycan Silahlı Qüvvələrində xidmət keçmək öhdəliyi yaranacaq. Kollecləri bitirən şəxslər də Silahlı Qüvvələrə daxil ola,  istəməyənlər isə mülki təhsil müəssisələrində təhsil ala bilərlər”.