Polkovnik: Azərbaycanda da alternativ hərbi xidmətə keçilməlidir

Bu sistemin qurulması yalnız Müdafiə Nazirliyinin işi olmamalıdır

Son günlər Azərbaycanda hərbi xidmət müddətinin azaldılması və ya alternativ ödənişli xidmət sisteminin tətbiqi ilə bağlı təkliflər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Ekspertlər bu müzakirələrin Azərbaycanın hazırkı təhlükəsizlik reallıqları fonunda xüsusilə əhəmiyyətli olduğunu vurğulayır və müxtəlif modellərin üstünlükləri, riskləri, həmçinin sosial təsirləri haqqında fərqli yanaşmalar səsləndirirlər. Mövzunun gündəmdə qalması yaxın dövrlərdə hərbi xidmət sistemi ilə bağlı həlledici qərarların verilə biləcəyinə dair gözləntiləri də artırır.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Sherg.az-a açıqlamasında Azərbaycanda hərbi xidmət müddətinin azaldılmasının artıq zərurətə çevrildiyini deyib. Onun fikrincə, hazırkı çağırış potensialı ölkənin müdafiə tələblərini qarşılayacaq qədər genişdir və xidmət müddətinin qısaldılması ordunun ümumi hazırlıq səviyyəsinə mənfi təsir göstərməz. Ü.Cəfərov bildirib ki, ali təhsilli gənclərin xidmət müddətinin 1 ildən 9 aya, orta təhsillilərin isə 1 il 6 aydan 1 ilə endirilməsi həm sosial baxımdan rahatlıq yaradacaq, həm də çağırışçıların orduya daha motivasiyalı şəkildə gəlməsinə şərait yaradacaq:

“Azərbaycan Silahlı Qüvvələrinin bugünkü səviyyəsi belə addımlar üçün kifayət qədər əlverişlidir. Müdafiə büdcəsinin regionda ən yüksək göstəricilərdən biri olması, ordunun arsenalının yenilənməsi, komando birləşmələrinin və yeni hərbi hissələrin yaradılması müasir modelə keçidin texniki və təşkilati əsaslarını gücləndirir. 8 Noyabrda nümayiş olunan Zəfər paradı da Silahlı Qüvvələrin həm peşəkarlığını, həm də hazırkı struktur imkanlarını aydın şəkildə ortaya qoydu”.

Ü.Cəfərovun fikrincə, alternativ xidmət sisteminin qurulması yalnız Müdafiə Nazirliyinin işi olmamalıdır. O, bu prosesin kompleks hazırlanmasını vacib sayır və bildirir ki, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, daxili təhlükəsizlik qurumları və digər aidiyyəti strukturlar da prosesə cəlb olunmalıdır:

“Çağırışçı hazırlığı orta məktəbdən başlamalı, gənclər fiziki, psixoloji və intellektual baxımdan daha sistemli şəkildə xidmətə hazırlanmalıdır. Türkiyə də daxil olmaqla müxtəlif ölkələrin hərbi xidmət modellərinin müqayisəli şəkildə araşdırılması, hər birinin üstün və zəif tərəflərinin təhlili, Azərbaycanın özünəməxsus təhlükəsizlik reallıqlarına uyğunlaşdırılmış optimal modelin formalaşdırılması üçün ən doğru yoldur. Bu qərarlar qəbul edilərkən həm ordunun döyüş qabiliyyəti, həm də cəmiyyətin sosial yükü balanslaşdırılmış şəkildə nəzərə alınmalıdır”.

Ekspert qeyd edib ki, Qarabağ məsələsi həll edilməyənə qədər bu məsələnin həlli istiqamətində addımlar atılmırdı, çünki belə ehtimallar vardı ki, bəziləri xidmətdən yayınmaq üçün bu qanundan yararlana bilər. Əslində isə alternativ xidmətin şərtləri həqiqi hərbi xidmətdən daha ağırdır:

“Qardaş Türkiyədə müəyyən ödəniş müqabilində xidmətə getməmək mümkündür. Amma 1 aylıq təlimə aparırlar və həmin müddətdə silahla davranmanı öyrədirlər. Bundan başqa 3 aylıq təlim də var. Pul ödəməklə 1 il, il yarım vaxtını itirməyib işlərinlə məşğul olursan.

Azərbaycanda da alternativ hərbi xidmətə sürətli keçid təmin olunmalıdır. Dini inanclarına, baxışlarına, iradəsinə görə həqiqi xidmət keçmək istəməyənlərin alternativ xidmət keçmələrinə şərait yaradılmalıdır ki, Azərbaycana qarşı iradlara da son qoyulsun, fərqli düşüncədə olan vətəndaşlara da xidmət keçmək imkanı yaransın. Bu məsələ ilə bağlı Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən müəyyən iradlar var və bu qanun ölkəmizin gələcəyi naminə qəbul edilməlidir”.