Vətənə 10 qızıl medal "gəlir"

Ramin İbrahimov: "Bu qələbə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ruhunun yüksəkliyinin göstəricisidir"


Bu gün Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb. Bununla da Azərbaycan yığmasının qızıl medallarının sayı 10-a çatıb.

Paralimpiya, cüdo üzrə Avropa və dünya çempionu, “Şöhrət” ordenli, Əməkdar idman ustası Ramin İbrahimov "Şərq"ə açıqlamasında bildirib ki, bu qələbə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ruhunun yüksəkliyinin göstəricisidir. O qeyd edib ki, bu il idmançıların psixoloji ruhunun yüksək olması qələbəyə əsas zəmin yaratdı:

"Biz bu yarışlara qələbə əzmi ilə getmişdik. Misal çəkə bilərəm ki, Dürsədəf Kərimova axırıncı Bakı Qran-pri yarışında yer tutmadı. O, İngiltərəyə gedərək, orada lisenziya xalını möhkəmləndirdi və olimpiadaya düşdü.

İnanın ki, həmin yarışda idmançımız yer tuta bilməmişdi, sadəcə, lisenziya xalını qaldırmaqla kifayətlənmişdi.

Ancaq olimpiadada idmançımız elə gözəl oyun göstərdi ki, bir anda rəqiblərini peşəkarcasına məğlub etdi. Bütün idmançılarımız bu ruhda güləşdi və gözəl qələbələrə nail oldular. Yaxşı ki, 2020-ci ildə olimpiada olmadı! Çünki 2021-ci ildə biz qalib ölkənin idmançıları kimi meydana çıxdıq və gözəl qələbələrə imza atdıq".

R.İbrahimov qeyd edib ki, bu qələbələr ilk növbədə idmançılarımızın psixoloji hazırlığından irəli gəlir:

"Bilirsiniz ki, olimpiadada hamı güclüdür, hamı hazırlaşır. Heç kim deyə bilməz ki, bir dövlət idmançısını olimpiadaya hazırlamır. Hətta bir il qalmış idmançılar ev üzü görmürlər. Bu yarışda 163 ölkənin idmançıları  iştirak edirdi. Əslində bizim qarşımızda dünyanın ən güclüləri olsa da, möhtəşəm qələbələrə imza atmağı bacardıq. Biz artıq qalib ölkənin qalib idmançılarıyıq! Bütün idmançılarımız qələbələrini şəhidlərimizə həsr edir. Hazırda vətənə dönürük, yoldayıq. İnşallah, sabah doğma torpağımızın hava limanında olacağıq".