Çox güman ki, geyim, ayaqqabı və başqa gündəlik tələbat malları satılan mağazalar, böyük AVM-lər, “mollar” istisna olmaqla, avqustun 5-dən açılacaq
Ən azından, lap onlayn təhsil olsun, yenə də məktəbliyə hansısa ləvazimatlar – kitab, dəftər, qələm və sair lazımdır
Avqustun 5-dən etibarən karantin rejimində bəzi yumşalmalara gediləcəyi, bir sıra iş yerləi, iaşə obyektləri, əhaliyə xidmət sektorunun fəaliyyətinin bərpa ediləcəyi gözlənilir. Fəaliyyətlırinin bərpa edilməsini gözləyən xeyli xidmət sektoru var ki, onlar arasında geyim, ayaqqabı mağazalarının açılmasını əhali səbirsizliklə gözləyir. Çünki onlayn satış, məlumdur ki, özünü doğrultmur.
Onlayn satış həyata keçirənlər bəyənilməyən mal və məhsulların geri qaytarılmasına razı olmur, müştərilər isə sifariş verilmiş geyimlərin gətirilmədiyini, ölçülərin uyğunsuzluğunu səbəb göstərir və narazı qaldıqlarını bildirirlər. Həm də onlayn alış-verişdə xidmət haqqı da bir çox hallarda baha müəyyən edilir, bu da müştəriyə sərf etmir.
Amma bizə də azərbaycanlı deyərlər. Hər vəziyyətdə bir çıxış yolu mütləq tapırıq. Məsələn, bəzi geyim və ayaqqabı mağazalarında bir satıcı əyləşir, mal almaq istəyənə elə qapıdaca xidmət göstərir; onu gətir, bunu apar... Əsl sosial məsafə! Bununla belə, geyim və ayaqqabı mağazalarının qapalı olması əhaliyə xeyli çətinlik və narahatlıq yaradır. Adamlar var ki, hələ də özünə mövsümi ayaqqabı, geyim ala bilməyib. Həmçinin yeni doğulmuş körpələrə, azyaşlılara geyim, digər zəruri tələbat mallarını ala bilməyən valideynlər mövcud vəziyyətdən narazıdır. Ona görə də hamı avqustun 5-ni səbirsizliklə gözləyir.
Mağazalar açılmağına açılsın, amma bir sıra qaydalara əməl etmək zəruri olmalıdır. Yoluxma sayı artmasın deyə. İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında böyük ehtimalla avqustun 5-dən etibarən geyim, ayaqqabı və digər alış-veriş obyektlərinin açılacağını bildirdi:
- Çox güman ki, geyim, ayaqqabı və başqa gündəlik tələbat malları satılan mağazalar, böyük AVM-lər, “mollar” istisna olmaqla, avqustun 5-dən açılacaq. Çünki bu mallara həqiqətən tələbat böyükdür. Mağazalar açılacağı təqdirdə, ərzaq dükanları, super-marketlərə tətbiq olunan qaydalar onlardan da tələb ediləcək. Qoruyucu maska ilə içəri daxil olmaq, kassa qarşısında sosial məsafənin gözlənilməsi, girişdə hərarətin ölçülməsi, dezinfeksiyaedici maddələrdən istifadə məcburi olacaq.
Mümkündür ki, müştəri sayında məhdudiyyət tətbiq edilsin. Mağazanın sahəsinə görə içəridə 5-10, yaxud daha artıq müştəri sayının olmasına icazə verilsin. Avropa şəhərlərində belə qaydalar tətbiq edilir. Mağazalarda geyinib-bəyənmə otaqlarında havalandırma sisteminin olmasına diqqət edilir. Sosial məsafə göstəriciləri qoyulur və sairə. Qaydaların pozulması halında isə cərimələr tətbiq ediləcək. Zatən hüquqi şəxslərə, biznes strukturlarına karantin qaydalarının pozulmasına görə yüksək cərimələr tətbiq edilir.
Bu, qayda pozuntularının azalması məqsədi daşıyır, hansı sahibkar istəyər ki, yüksək cərimə ödəsin, xüsusilə də pandemiya dövründə qazanclarının az olması nəzərə alınarsa. Amma pozuntuların olacağı da istisna deyil. Xüsusilə kiçik, mərkəzdən kənar mağazalarda. Burada isə məsuliyyət həm də vətəndaşların üzərindədir. Vətəndaş mağaza sahibindən gigiyenik qaydalara əməl olunmasını tələb etməlidir.
Bəs tələbatın artması malların qiymətində ucuzlaşmaya səbəb ola bilərmi? N.Cəfərli qeyd etdi ki, burada iki hal mümkündür:
- Müxtəlif məhsul növlərində müxtəlif qiymətlərin olması gözləniləndir. Məsələn, türk lirəsində ucuzlaşma getdiyindən Türkiyədən ölkəyə idxal olunan mallarda ucuzlaşma mümkündür. Amma avroda yüksəlmə var, bu da Avropa ölkələrindən gətirilən malların qiymətində artıma səbəb ola bilər. Əslində, tələbatın artması qiymətlərin enməsinə gətirib çıxarmalıdır.
Eyni zamanda ilkin tələbat malları alındıqdan sonra uzun müddət yenə satış faizləri aşağı düşəcək və bu da idxalda azalmaya səbəb olacaq. Sahibkar görəcək ki, mal satılmır, ona sərf etməyəcək yeni mal idxal etmək. Ziyana düşmüş olacaq. Məsələ belədir ki, hazırda, bəli, əhalinin geyim mallarına ehtiyacı var. Bunlar ertələnmiş tələbat mallarıdır.
Karantin müddətidir, indi kimsə, deyək ki, ziyafət geyimi, bahalı nəsə almaq barədə düşünmür. Və bu istəklərini pandemiya sonrasına saxlayıb. Tədris ilinin nə zaman başlanacağı hələ məlum deyil, amma bununla yanaşı valideynlər məktəb bazarlığı etmək məcburiyyətindədir.
Ən azından, lap onlayn təhsil olsun, yenə də məktəbliyə hansısa ləvazimatlar – kitab, dəftər, qələm və sair lazımdır. Həmçinin payız mövsümü yaxınlaşdığından əhali payızlıq geyimlər almaq istəyir.
Amma əhalinin gəlirləri də azdır. Belə şəraitdə əhali zəruri geyim mallarına üstünlük verəcək, əlində olan pulunu xərcləyib bitirdikdən sonra mağazaya getməyə daha pulu qalmayacaq. Mağazadakı mallar da beləcə asılqanlarda qalacaq. Beləcə istehlak faizinin aşağı düşəcəyi də gözləniləndir.