Bədbin proqnoz! – “Dünyada ərzaq bahalaşması müşahidə edilir” 


“Təbii ki, bunun da səbəbi pandemiya, dünya üzrə logistika sahəsinin çətinləşməsi, yol xərclərinin artmasıdır”

“Evdə qal” çağırışları və digər karantin tədbirləri bütün dünyada tətbiq olundu və ən azı 4 milyard insanı əhatə etdi”

“İndi isə dünyanın bir çox yerlərində karantin tədbirləri yenidən sərtləşdirilir. Təbii ki, bu da ərzaq istehlakını artıran səbəblərdən biri oldu”


2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məhsulların cari qiyməti ötən aya nisbətən 0,3 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 4,4 faiz bahalaşıb.  

2020-ci ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarında  daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin qiymətində olub. Eyni zamanda  xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun qiyməti də yüksəlib. Bundan başqa bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun da qiyməti artıb.
Ucuzlaşma əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Məhsulların bahalaşma səbəbləri barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda hər zaman qiymət artımının xroniki və obyektiv səbəbləri olub. İqtisadçının sözlərinə görə, bahalaşamanın obyektiv səbəblərindən biri odur ki, dünyada ərzaq indeksi 1 il ərzində 8-10 faiz arası bahalaşıb. Yəni dünyada ərzaq bahalaşması müşahidə edilir:

“Təbii ki, bunun da səbəbi pandemiya, dünya üzrə logistika sahəsinin çətinləşməsi, yol xərclərinin artmasıdır. “Evdə qal” çağırışları və digər karantin tədbirləri bütün dünyada tətbiq olundu və ən azı 4 milyard insanı əhatə etdi. İndi isə dünyanın bir çox yerlərində karantin tədbirləri yenidən sərtləşdirilir. Təbii ki, bu da ərzaq istehlakını artıran səbəblərdən biri oldu. Ona görə də ərzaq məhsulların dünya üzrə obyektiv bahalaşmasının Azərbaycana da təsirləri var”.

N.Cəfərli vurğulayıb ki, ölkəmizdə ərzaq məhsullarının bahalaşmasında xroniki səbəblər də rol oynayır:

“Xroniki səbəblər illərdir ki, davam edir. Adətən noyabr ayından başlayaraq mart-aprel ayının əvvəllərinə qədər ərzaq məhsullarında qiymət artımını görürük. Bu, yerli məhsulların bazardan çəkilməsi və əvəzinə idxal məhsullarının çoxalması ilə əlaqədardır. Eyni zamanda yeni il qabağı tələbatın daha çox artması da qiymət artımına səbəb olur”.

İqtisadçının qənaətincə, qiymət artımının qarşısını iqtisadi alətlərlə almaq daha doğrudur:

“Bəzi çağırışlar olur ki, dövlət ərzaq məhsullarının qiymətini tənzimləsin. Bu, yanlış yoldur. Fikrimcə, iqtisadi oyunçuların  sayının artması, rəqabətli mühitin gücləndirilməsi, xarici ticarət əlaqələrində olan şirkətlərin və fiziki-hüquqi şəxslərin sayının artması üçün maneələrin aradan qaldırılması vacibdir. Bütün bunlar iqtisadi alətlər vasitəsilə qiymətlərin tənzimlənməsində vacib rol oynaya biləcək amillərə çevrilə bilər. Ona görə də Azərbaycanda qiymət artımına səbəb olan və illərdir davam edən xroniki problemləri həll etmək üçün şərait var”.

Ekspertin sözlərinə görə, qiymət artımında obyektiv səbəblər hər zaman olacaq:

“Azərbaycan dünyada gedən proseslərdən kənarda qalmayacaq. Çox güman ki, ərzaq məhsullarının indeksi dünya birjalarında yüksələcək. Bununla bağlı dünyada bir trend var. Ona görə də bahalaşmanın Azərbaycana da təsirləri olacaq. Lakin ölkəmizdə ərzaq məhsullarının baha olması əsasən subyektiv problemlərlə bağlıdır. Bu problemləri də aradan qaldırmaq lazımdır”.