“Şəhid ailələrinə və qazilərə sosial dəstək veriləcək”  


Noyabrın 11-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb. Görüş zamanı müxtəlif məsələlərə toxunan ölkə başçısı hərbçilərimizə göstərilən diqqət və qayğıdan da söz açıb. Prezident qeyd edib ki, indi həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini təmin edəcək:

“Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız, amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz gecə-gündüz çalışır.

Daha sonra normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün müasir protezlər gətirilir. O protezlər ki, onlarla insanlar futbol da oynaya bilərlər.

Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızda mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm ki, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. Biz bunu daim nəzərdə saxlayacağıq. Şəhid ailələrinin problemləri öz həlini tapacaq. Biz demək olar ki, növbədə dayanan  əksər şəhid ailələrimizin məişət problemlərini həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək.

Bu gün burada göstəriş verirəm bizim bütün aiddiyyəti qurumlarımıza ki, İkinci Qarabağ müharibəsi "Vətən müharibəsi" adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir. Eyni zamanda dəqiq uçot aparıldıqdan sonra onlara mənzillərin evlərin verilməsi təmin ediləcəkdir".

"Müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim, siz təbrik edim", - deyə Azərbaycan Prezidenti əlavə edib.

 Bununla bağlı "Sherg.az"a iqtisadçı-ekspert Fikrət Yusifov danışıb.

"Təbii ki, Azərbaycan dövləti tərəfindən Qarabağ uğrunda şəhid verən ailələrə, yaralanmış insanlara sosial dəstək veriləcək, onlara köməklik göstəriləcək. Son illər ərzində xeyli sayda mənzillər tikilibdir.

Birinci Qarabağ savaşında iştirak etmiş qazilərə, məcburi köçkünlərə evlər verilib. Azərbaycan sosial dövlətdir və onun bu proqramı yüksək səviyyədə reallaşdırmağa maddi imkanları yetir.

Hesab edirəm ki, bu proseslər ölkə başçısının nəzarəti altında yüksək səviyyədə təşkil olunacaq və hər kəs dövlətdən zəruri olan yardımları alacaq".

Sücayət Mehtili