Neftin gündəlik hasilatı artırıldı ! - Bazar iştirakçıları təşvişdə...”

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb. Hazırda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 44,26 ABŞ dollarını təşkil edir. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 faiz və ya 0,59 ABŞ dolları həcmində ucuzlaşıb. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.

Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban neftin ucuzlaşmasına səbəb olan amilləri “Sherg.az”a sadalayıb. Ekspert bildirib ki, əslində bu həftə ərzində neftin qiymətində ucuzlaşmanın yox, bahalaşmanın şahidi olduq:

“Bu da onunla əlaqədardır ki, bazar ertəsi OPEK-in Monitorinq Komitəsinin iclası oldu. İclas zamanı mühüm və tövsiyə xarakterli qərar qəbul edildi. Yəni, 1 yanvar 2021-ci ildən OPEK+ çərçivəsində neft hasilatının gündəlik 1.9 milyon barel artması gözlənilirdi.

Tövsiyə etdilər ki, hazırda pandemiya ilə əlaqədar dünya iqtisadiyyatının aşağı templə inkişafını nəzərə alaraq, qərarın 3-6 ay müddətinə təxirə salınması təklif edildi. Bu təklif bazar iştirakçıları tərəfindən yaxşı hal kimi qəbul edildi. Beləliklə ikinci gündən başlayaraq neftin qiyməti kiçik zaman kəsiyində hətta 45 dolları keçmişdi”.

İ.Şaban qeyd edib ki, bazara neqativ informasiyaların daxil olması da neftin qiymətinə təsir göstərir:

“Əldə olunan informasiyalara görə, neftin gündəlik hasilatını 1 milyon 250 min barel qədər artırıldı. Bu, bazar iştirakçıları arasında təşvişlə qarşılandı. Ona görə də qiymətlər gah artır, gah da aşağı düşür.

Neftin qiyməti birjalara daxil olan informasiyaların pozitiv və neqativ olmasından asılıdır. İndiki hal üçün Avropada çox ölkələr karantin rejimindədir.

Ona görə də neftin qiyməti 40-45 dollar dəhlizindədir. Ümumilikdə isə neftin orta qiyməti 41 dollar və ya 41 dollardan bir qədər yüksəkdir. Bu, normal göstəricidir”.