“İpoteka kreditləri ilə bağlı bu problemlər aradan qalxdı”

“İştirak payı 25 faiz olan şəxslərə də sahibkarlıq kreditləri üzrə təminatlar və faiz subsidiyaları veriləcək”

“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb. Belə ki, sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə əlaqədar müvafiq məlumatların elektron sistemə ötürülməsi zamanı, fiziki və hüquqi şəxslərin 25-dən çox olaraq qeyd edilən iştirak payı “25 faiz və daha çox” olaraq müəyyənləşib.

Eləcə də, kredit almaq istəyən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılıb-məhdudlaşdırılmadığı barədə təqdim edilən bəndə əlavə olaraq, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlar tələb olunacaq.

Mütəxəssislər bu dəyişikliyi “Sherg.az”a şərh ediblər. İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, müvafiq proseslərin icrası bundan sonra daha asan olacaq: 

“Əməliyyatların icrasında indiyədək, yəqin ki, müəyyən çətinliklər meydana çıxıb. Sözügedən fərmanla həmin problemlər aradan qalxdı. Amma bu, texniki məsələdir. Yəni mahiyyət etibarilə ciddi bir dəyişiklik yoxdur”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da iqtisadçı ilə eyni fikirdədir:

“Beləliklə, iştirak payı 25 faiz olan şəxslərə də sahibkarlıq kreditləri üzrə təminatlar və faiz subsidiyaları veriləcək. Məzmun və mahiyyət bundan ibarətdir. Başqa heç bir dəyişiklik yoxdur”.