Proqnoz: "Neftin qiyməti 55 dollara yüksələ bilər, amma...”

Neft ölkələrinin əksər hissəsi neft və neft məhsullarından əldə etdiyi gəlirlə ölkə iqtisadiyyatını ayaqda saxlayır. O cümlədən, Azərbaycan da gəlirinin əsas hissəsini neftdən əldə edir.
Bu baxımdan son illər neftin qiymətinin ucuzlaşması bəzi ölkələrin iqtisadiyyatına ciddi təsirlər göstərib. Şübhəsiz bu təsirlər Azərbaycandan da yan keçməyib. "AzeriLight" markalı neftin qiyməti COVİD-19 pandemiyasından sonra rekord həddə enib. Bu gün "AzeriLight" brendinin qiyməti dünya bazarında 50,88 dollar təşkil edir. Ekspertlər də bildirirlər ki, 2020-ci ildə "AzeriLight"ın qiyməti 45-50 dollar civarında olacaq. 
Maraqlıdır, bəs 2021-ci ildə neft hansı həddə qədər ucuzlaşa və bahalaşa bilər? 



Sualımızı cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban "Sherg.az"a söyləyib ki, hazırda neftin qiyməti 50 dollardan aşağıdır:

“Gələn il üçün neftin orta qiymətinin 47-49 dollar arasında dəyişəcəyi ilə bağlı proqnozları verilir. Bu, əsasən pandemiya ilə əlaqədar edilən peyvəndlərin nəticəsindən çox asılı olacaq. Nəticə yaxşı olsa, təbii ki, bu qiymətlərə də təsirini göstərəcək. Və biz o zaman neftin qiymətinin 55 dollara qədər yüksəldiyini müşahidə edə bilərik.

Gələn ilin birinci rübündə dünya iqtisadiyyatının inkişaf tempi ilə bağlı real göstəricilərin açıqlanması da neftin qiymətinə təsir göstərəcək faktorlardandır. Sözsüz ki, bütün bu amillər neft qiymətlərinin formalaşmasında öz izlərini qoyacaq. 

1930-cu ildən sonra 2020-ci ildə ilk dəfə dünya iqtisadiyyatı görülməmiş bir eniş həddini yaşadı. Və 2021-ci ildə fərqli nöqtələrdə nə qədər artım tempi müşahidə olunacağı da bundan asılıdır.

Təbii ki, enerjiyə olan tələbat artdıqca bazarda neftə olan maraq da artır və nəticə etibarı ilə neftin qiymətinin də yüksəlməsinə gətirib çıxarır. Hesab edirəm ki, bu iki faktor gələn ilin 1-ci rübündən neftin formalaşmasında özünü göstərəcək".

Ağarza Elçinoğlu