Rusiyanın “pomidor oyunu” ! - “Məhsulun tərkibi bəhanədir"

“Dekabrın sonu,yanvarın əvvəlində bayram və tətillərə görə bu ölkə bazarında canlanma müşahidə olunur”

“Azərbaycanın da aylıq hesabatda pomidor ixracatı ən çox həmin dövrə təsadüf edir”

“Ona görə də məlum qərarın verilməsi məhsulların tərkibi ilə bağlı deyil”


Rusiyanın Rosselxoznadzor qurumu dekabrın 10-dan etibarən "zərərvericilərin müəyyənləşdirilməsi" səbəbindən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Rusiyaya idxal olunan pomidorların 30 faizi məhz Azərbaycandan gəlir.Bu ölkəyə pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir. 

İndiki kövrək və gərgin vəziyyəti nəzərə alanda Rusiyanın bu addımının heç də birmənalı olmadığını görmək mümkündür. 



Sözügedən məsələ barədə “Sherg.az”a danışan iqtisadçı- ekspert Natiq Cəfərli qeyd edib ki, Rusiyanın belə bir addım atması ilk deyil və yalnız Azərbaycana qarşı olmayıb:

“Bu ölkə müxtəlif qonşu dövlətlərə qarşı müəyyən siyasi proseslər baş verərkən bənzər addımlar atıb. Buna misal olaraq Gürcüstan, Moldova vəUkraynanı göstərmək olar". 

Ekspertin sözlərinə görə, Rusiya 2016-cı ildən bəri artıq 4-cü dəfədir ki, belə addım atır:

"Azərbaycanla  arasında fikir ayrılıqları olan kimi Rusiya təzyiq aləti olaraq kənd təsərrüfatı məhsullarının ölkəyə idxalı ilə bağlı qadağalar qoyur. İndiki məqamda pomidorun seçilməsi təsadüfi deyil.

Qeyri-neft sektoru olaraq pomidor ixracı Azərbaycana ən böyük gəlir gətirən sahədir. Təəssüf ki, ölkəmizin əsas ixrac bazarı da Rusiyadır.

Uzun illərdir çoxşaxəli ixrac modelinə keçə bilmədiyimizə görə şimal qonşumuz bundan istifadə edir.  

Dekabrın 10-da məlum qərarın verilməsi də təəccüblü deyil.  Dekabrın sonu,yanvarın əvvəlində bayram və tətillərə görə Rusiya bazarında canlanma müşahidə olunur.

Ölkəmizin də aylıq hesabatda pomidor ixracatı ən çox həmin dövrə təsadüf edir. Ona görə də sözügedən qərarın verilməsi məhsulların tərkibi ilə bağlı deyil. Bunlar sadəcə bəhanədir".

AYTAC ALİ