İntihar şəxsi qərardır

Kimi bunu güclü olduğundan edər, kimi də zəifliyindən...

  İntihar “qurban kəsmək” mənasında işlənən “narh” sözündən gəlir. Latınca “sui homicido” və ya  “sui ipisus homicidum” kökündən gələn və bu gün Avropa dillərində işlədilən "suicide" sözünə ilk dəfə Şekspirin əsərlərində rast gəlinir. Onun əsərlərində 50-dən çox intihar edən qəhrəman var. İntihar ölümdür. Sadəcə bu  ölümə fərdlər özü qərar verir. Cəmiyyət müxtəlif dövrlərdə gözlənilməz, müəmmalı, təəccüb doğuran intihar hadisələrinə şahidlik  edib. 

  Tarixi dövr ərzində  səbəbi illər keçsə belə bəlli olmayan yüzlərlə intihar hadisəsi baş verib.  İntihar edənləri  qatil, intihar düşüncəsini ən alçaq düşüncə adlandıran məşhur italyan yazıçı və şairi  Cesare Pavesenin özünün də sonda intihar etməsi təəccüb doğurur.  ABŞ aktyoru, "Oskar" mükafatı laureatı, "Dead Poets Society" (Ölü şairlər dərnəyi) , "Good Will Hunting" (Can dostum),  "Good morning, Vietnam" və s. filmlərindəki rolları ilə böyük  tamaşaçı sevgisi qazanmış, oynadığı rollarla  daim güldürən, tamaşaçıya ümid aşılayan Robin Uilyamsın intiharı da gözlənilməz hadisələrdən biri olmuşdur. Hadisədən sonra insanlar ona  "maska altında ağlayan "kloun” ləqəbini veriblər.  Aktyorun həyat yoldaşı Süzan Şnayeder onun ölümü barədə deyib: "Mən öz ərimi və ən yaxşı dostumu itirdim, dünya isə ən sevimli aktyorlardan və ən gözəl insanlardan birini itirdi". 

 Alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist  Stefan Sveyq Hitlerin ölməyəcəyi qorxusu və pessimizmə qapılaraq Avropanın içinə girdiyi ağır böhrandan keçirdiyi sarsıntı və həyatındakı uğursuzluqlara görə, 1942-ci ilin fevralın 22-də Rio de Janeyroda həyat yoldaşı Lotte ilə birlikdə intihar edib. Onun intihar məktubunda yazdığı :

" ... Altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızıllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm» cümlələri artıq yaşamaq üçün səbrinin qalmadığını göstərir. Gözəllik ikonası, hər kəsin həsəd apardığı  Merlin Monro evinin yataq otağında yüksək dozada sakitləşdirici dərman qəbul edərək özünü öldürüb. Buna depressiyanın səbəb olduğu deyilir. Türk şair Ümit Yaşar  dəfələrlə intihara cəhd etsə də  uğursuz alınıb. Onun bu halından psixoloji sarsıntı keçirən oğlu Vedat sonunda ona intiharın necə  edildiyini öyrədir. Vedat  18 yaşında ikən bir fincan qəhvə və ardından bir fincan  konyak içib bədənini Galata Kulesi’nin təpəsindən boşluğa atır.  Rəvayətə  görə, oğlu bu  inhitara gedərkən atasına:  ‘’Ata , intihar elə edilməz, belə  edilər" -deyə bir not yazıb . Bu, Ümit Yaşara  sağ ikən hər gün ölüm hissini yaşadır. Nəhayət o,  4 noyabr  1984-cü ildə həsrətlə gözlədiyi ölümə qovuşur.  ABŞ-ın məşhur "Nirvana” qrupunun vokalisti Kurt Kobayın da  ölümünə  səbəb intihar göstərilir. O, yanında tüfənglə evinin qarajında  bir güllə ilə sifətini dağıtmış halda tapılır. Cəsədinin yanındakı  kağızda: "Sizi sevirəm, sizi sevirəm” ifadələri ilə bitən intihar məktubu olur. Beləliklə, hər kəsin sevimlisi olan, ölməzdən öncə fürsət tapıb insanlara olan böyük sevgisini ifadə edən Kurt Kobay da intihar edərək gözlərini əbədi olaraq yumdu.

  Mövzu ilə  bağlı sosial şəbəkələrdə "insan nəyə görə intihar edər" sualı əsasında sorğu keçirdik. Olduqca fərqli yanaşmalar ortaya çıxdı. Aldığımız cavabları olduğu kimi təqdim edirik:


 Nəcəf Əsgərzadə:

"Biri var Sveyqin intiharı. Bu, ümidsizlikdən doğmuş intihardır. Müharibəyə etirazdır. Biri var Rünoskenin intiharı. Yaşamaqdan, bəlkə də yaşamaqdan deyil, ölməkdən yaranan qorxunu intiharla yenmək - buna belə deyə bilərik . Ölüm məni haqlayanacan, mən ölümə doğru gedim. Rünoskenin intihar məktubunu bundan bəhs edir. Buraya Tolstoyu da əlavə edə bilərik. "Etiraf" əsərini yada salmaq olar. Tolstoy ölümdən qorxuğu üçün ailəsini tərk edir. Onların yanında ölməkdən qorxur sanki. Biri var Mişimanın intiharı. Bu büsbütün etirazdan ibarətdir. Sistemə qarşı. İntihar səbəbləri çox çeşidlidir" .

 Əsmər Bağırova: 

"Sahib olduğu problemin həyatı və həll olunmaz olduğunu düşünəndə intihar çıxış yolu kimi görünər, o, küncə sıxışıb, dözə bilməyib bunu edər. Fikrimcə, intihar edənlər zəif insanlardır. Güclü adamlar  həyatı günahlandırsa belə onunla savaşar, inadına ölümü çatan ana qədər yaşayar".

Elxan Zeynalov:

"Bu, subyektiv məsələdir, yəni bunun hamı üçün ümumi olan bir yanı, yaxud səbəbi olsaydı, o səbəbə çatan hər kəsin intiharı normal qəbul edilərdi. Bu, şəxsi qərardır. Bəzən güclülük, bəzən də zəiflikdir" .

Nurlan Kazımov:

“Çox insan deyir intihar zəiflikdir.  Mənimçün intihar edən insanlar ən güclü, ən cəsarətli insanlardı. Mən heç vaxt buna cəsarət edə bilmərəm.  Deyə bilərsiniz ki, sən də onların vəziyyətinə düşsən  edərsən,  ona görə də normal halda o şəxslərin nə üçün intihar  etdiyini  anlamaq çətindir.  Bu şəxslər intihar öncəsi əksər hallarda kimsə ilə ünsiyyətdə olmurlar".

Əkbər Novruz:

"Bir insan daha çox düşdüyü problemdən çıxış yolu tapa bilmədikdə intihara cəhd edər. Təəssüf ki, bəzən bu cəhd "uğurlu" olar. Mən intihar etməyin acizlik olduğunu düşünürəm, ancaq intihar edənləri qınaya bilmərəm. Çünki yaşadıqları onları intihar həddinə çatdırmış ola bilər. Sorğu-sualına cavab olaraq deyə bilərəm ki, çətinliklər, problemlər olub, ancaq bunların üstəsindən gəlməyin tək yolunun intihar olduğunu düşünməmişəm və o haqda da fikirləşməmişəm. Buradan problemə, çətinliyə düşən insanlara məsləhətim bu olardı ki, inamlı olsunlar, özlərinə güvənsinlər, həyatla mübarizə aparsınlar. Düzdür, həyat fanidir. Ancaq fani və ani olsa belə bu həyatda yaşamağa dəyər. Bir halda ki, ömür bizə yaşamaq və yaşatmaq üçün verilib. Öz dəyərimizi bilək, ən azından unutmayaq ki, Allah bizi neçə-neçə adamlar içərisindən seçib dünyaya gəlməyimizi istəyibsə, deməli dəyərliyik. Çalışaq intihar sözünü dilimizə belə gətirməyək" .

Fətai Hüseynov:

"Nuri Bilge Ceylanın “Bir zamanlar Anadoluda” filmində belə bir səhnə var, hakim  həkimdən soruşur : "Bir  insan bir başqasını cəzalandırmaq üçün öz canına qıya bələrmi? Ola bilərmi belə bir şey?". Həkim cavab verir: "Onsuz da intiharların çoxu  başqalarını cəzalandırmaq üçün edilmirmi, hakim bəy?!".
Buna əsasən deyə bilərəm ki , məncə də intiharların böyük bir qismi başqalarını cəzalandırmaq üçün edilir" .
 
Nizami Bayramlı: 


"Cavanlıq ömürün evi kimidir,
Qocalıq uçurar hasarlarını.
İntihar boylanar pəncərələrdən,
Titrədər otağın divarlarını".

    Mövzuya kifayət qədər fərqli yanaşmaların şahidi olduq. Bəs maraqlıdır, görəsən, psixoloqlar bu mövzu haqqında nə fikirləşirlər? 

“Loqos psixoloji və nitq inkişaf mərkəzi"nin psixoloqu Rəhimova Lamiyə xanımla həmsöhbət olduq:

  - İntihar etməmişdən öncə fərd  bəzi mərhələlərdən keçir. Əvvəlcə onda həyatının heç bir dəyərə malik olmaması kimi fikir yaranır. Misal üçün onda: “Həyatdan bezdim. Belə bir həyatı  yaşamağa dəyməz...” və s. kimi fikirlər yaranır. Bu cür passiv intihar fikirlərindən sonra konkret intihar fikirləri yaranır: “Kaş yatıb oyanmasam. Ölmək daha yaxşı olardı...” kimi . Daha sonra isə fərd  intihar planını qurmağa başlayır. İntiharın vaxtı, məkanı barəsində qərar qəbul etməyə çalışır. Son araşdırmalara görə, intihar halları ən çox 15-25 yaş aralığında, daha sonra isə 40-60 yaş aralığında qeydə alınır.  Səbəblər çoxdur. Ən çox müşahidə olunanlar:  Hansısa psixi pozuntunun olması, depressiya və digər affektiv (əhval-ruhiyyə) pozuntular, şizofreniya (bəzi insanların qulağına əmr formasında səs gəlir, özünə zərər vermək üçün),  hansısa sosial faktorlar - iqtisadi böhran, ailədaxili və şəxslər arasında münaqişələr. Əgər ətrafınızdan  kimdəsə intihar, ölüm haqqında düşüncələr görürsünüzsə əvvəla  bu barədə onlarla danışmaqdan qorxmayın. Çünki ən səhv düşüncə - onunla bu barədə danışsam, daha da pisləşəcək fikridir. Əksinə, əgər o bu barədə hansısa sözlər, məqamlar bildirirsə - bu artıq “Mənə yardım et, sənə ehtiyacım var”  -, deyə bir siqnaldır. Danışmaq mütləqdir. Neçə müddətdir bu hal davam edir? Buna səbəblər nələrdir və s. Daha sonra həmin şəxsi  psixiatr və psixoloqa yönləndirmək mütləqdir". 

  Hər il dünyada 800 minə yaxın insan həyatına intiharla son qoyur.  Dünya inhitar hallarının statistikası əsasən  kişilər arasında daha yüksəkdir. İntihar hallarının ən çox baş verdiyi ölkələr sırasında  Almaniya, Böyük Britaniya, Norveç, Rumıniya, Malta, Küveyt ön sıralarda yer alır. Dünya Psixiatriya Assosiasiyasının XXI əsri “depressiya və intiharlar əsri” adlandırması da  təsadüfi deyil.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olur ki, intihar heç bir halda fərdin son çıxış yolu olmalı deyil. Cəmiyyət  yüzlərlə, minlərlə fərdlərdən ibarətdir. Biz insanlar ünsiyyət,  kommunikasiya kimi çox önəmli bir xüsusiyyətə sahibik. Bu dəyər bizi bir-birimizə daha yaxın etməlidir ki, bütün problemlərimizi danışaraq, bir-birimizlə  bölüşərək həll edə bilək. Cəmiyyətdə  özünü təcrid bizi intihara sürükləyən bir vasitədir deyə bilərik. El arasında belə bir deyim də var :

"Hər şeyə çarə var, ölümdən başqa".  Bütün dövrlər üçün keçərli , bir o qədər də acılı, ağrılı olan mövzumuzu Nazim Hikmətin   ümidverici bu  misraları ilə sonlandırırıq: "Yok öyle umutları yitirip karanlıkta savrulmak. Unutma; aynı gökyüzü altında, bir direniştir yaşamak”. 

Günəş Mərdiyeva