Qazaxıstanın Azərbaycan pomidoruna qadağası... - Səbəblər göstərildi


Ya Rusiya faktoru var, ya da daxili bazarı qorumaq üçün bu addımı atıblar

Qazaxıstan Azərbaycandan ixrac olunan pomidorda qonur qırışıqlıq virusunun aşkarlandığını iddia edib. Bu səbəbdən Azərbaycan pomidoruna qeyri-müəyyən müddətə qadağa qoyulub. 

AQTA məsələ ilə bağlı araşdırmalar aparıb, ictimaiyyətə bildirilib ki, yerli pomidorda qonur qırışıqlıq virusu yoxdur. 

Məsələyə münasibət bildirən kənd təsərrüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı "Şərq"ə deyib ki, bu işdə ola bilsin,  Rusiyanın da əli var:

"Son zamanlar kənd təsərrüfatı məhsullarımızın idxalına  tətbiq edilən qadağaların  elmi əsası yoxdur. Bu cür qərarların gələcəkdə Azərbaycana əhəmiyyətli dərəcədə təsiri olmayacaq. Belə məhdudiyyəti bir neçə müddət bundan öncə Rusiyada tətbiq edib. İndi Qazaxıstanın da həmin qadağası göstərir ki, məsələdə başqa səbəb var. AQTA-nın araşdırmaları nəticəsində iddia edilən virusun məhsulda olmadığı ortaya çıxıb. Bu da onu sübut edir ki, Qazaxıstanın bizim pomidorun idxalına qarşı qadağa qoyması siyasi qərardır. Düşünürəm ki, belə məsələlərə gec-tez son qoyulacaq". 

Q.Bayramlı qeyd edib ki, Qazaxıstan həm də yerli istehsalı qorumaq məqsədilə də bu addımı ata bilər: "Azərbaycan pomidorunun qiyməti daha ucuz və sərfəlidir. Bazara daxil olduğu zaman rəqabəti olduqca artırır. Belə olan halda yerli pomidora tələbat azalır. Ölkə həmin qərarı yerli məhsullara rəqabəti azaltmaq üçün də verə bilər". 

Aytac Ali