TANAP VƏ TAP layihələrinin regional təsirləri


Bir müddət əvvəl istismara verilən və Azərbaycan qazını Avropa bazarlarına çıxaran TAP layihəsi həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyətə malikdir. Bu layihə ümumilikdə TANAP və TAP layihəsi adlandırılır. Fikrimcə, əvvəlcə layihə haqqında qısa məlumat vermək və sonra bu layihənin region üçün əhəmiyyəti haqqında fikir bildirmək daha məqsədə uyğun olar.

TANAP və TAP adından da göründüyü kimi iki hissədən ibarət layihədir. Trans-Anadolu Boru Kəməri (TANAP) Azərbaycan qazını Gücristan vasitəsi ilə Türkiyə-Yunanıstan sərhəddinə kimi çatdırır. Bu kəmərin uzunluğu 1850 km, ilkin ötürmə gücü il ərzində 16,2 mlrd m3- dir. 2018-ci ilin iyun ayının 30-da kəmər istismara verilib və 2019-cu ilin noyabr ayının 30-da Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışı olub. Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhəddindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyayaya çatdırır. Bu kəmərin uzunluğu 878 km, ilkin ötürmə gücü il ərzində 10 mlrd m3-dir. 31 dekabr 2020-ci ildə Azərbaycan qazı tam şəkildə Avropa bazarlarına çatdırıldı. Hər iki layihənin ümumi dəyəri 12 mlrd dollar təşkil edir.

TANAP və TAP haqqında qısa məlumat verdikdən sonra layihənin regional təsirlərinin əhəmiyyəti haqqında bəzi analizlərin aparılması məsələyə daha rahat aydınlıq gətirməyə kömək edəcəyini hesab etmək olar. Bu layihənin uğurla gerçəkləşdirilməsi demək olmaz ki, region ölkələri tərəfindən müsbət qarşılandı. Bəzi dövlətlər layihənin reallaşmasının qarşını almaq üçün ciddi təziqlər göstərsələr də, bu təzyiqlər nəticəsiz qaldı. Bu zaman sual yaranır:Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına ixrac edilməsini kimlər qəbul etmək istəyir? Kimlər Azərbaycan qazını Türkiyə və Avropa bazarlarında özlərinə rəqib hesab edirlər?. Bu saulın cavabını tapmaq üçün regionda hansı ölkələrin böyük həcmdə təbii qaz ehtiyatlarına malik olmasına, hansı ölkələrin Avropa və Türkiyə bazarlarında qaz satdığına diqqət yetirmək lazımdır. 

 Təbii ki, burada ilk ağıla gələn dövlət Rusiyadır. Son 2019-cu ilin statistikasına görə Rusiya Avropaya ümumilikdə 199 mlrd m3 qaz satmışdı. Burada 15.5 mlrd m3 Türkiyənin payına düşür. Türkiyə TANAP layihəsi vasitəsi ilə nəql edilən 16,2 mlrd m3 təbii qazın 6 mlrd m3-i Rusiyadan daha ucuz qiymətə Azərbaycandan alacaq. Aparılan danışıqlardan belə qənaətə gəlmək olar ki, Türkiyə tərəfi lazım olduğu təqdirdə Azərbaycandan təbii qaz idxalını artıra bilər. 2019-cu ildə Türkiyənin təbii qaza olan tələbatı 46 mlrd m3 təşkil edib. Azərbaycan gələcəkdə TANAP vasitəsi ilə təbii qazın nəqlini illik 31 mlrd m3, TAP vasitəsi ilə 20 mlrd m3  qədər  artıra bilər. Bu da onu deməyə əsas verir ki, gələcəkdə Avropa və Türkiyə Azərbaycan qazından daha çox yararlana bilər. Görünən odur ki, Azərbaycan qazının Avropa və Türkiyə bazarlarına çıxarılması təbii qaz məsələsində Rusiyanın bu bazarlarda hegemonluğunu yavaş-yavaş zəiflədir. Beləliklə də Avropanın enerji təhlükəsizliyi təmin olunmaqla bərabər Rusiya qazından asılılıq getdikcə azalır. Təbii ki, bu Rusiyanın enerji siyasətinə böyük maneələr yaradır. Bu da öz növbəsində Rusiyanın Avropa dövlətlərinə təsir imkanlarını məhdudlaşdırır. Ona görə də Rusiya üçün bu layihənin gerçəkləşməsi o qədər də arzu olunan deyildi. 

Azərbaycanın TANAP və TAP kimi regional siyasətə təsir etmək imkanına malik layihənin həyata keçirilməsi İran üçün də arzu olunan hadisə deyil. Burada bir neçə amil var ki, bunlar İranı daha çox narahat edir. Təbii ki, ABŞ-ın tətbiq etdiyi sanksiyaların nəticəsi olaraq, İran Avropaya qaz satmaq imkanına malik deyil. İranın regionda əsas qaz satdığı ölkə Türkiyədir. 2019-cu ildə Türkiyə İrandan 7,7 mlrd m3 təbii qaz idxal etmişdi. Əgər Türkiyə Azərbaycandan təbii qaz idxalını artırmaq istəsə, bu İrandan və Rusiyadan alınan qazın idxalının azalmasına səbəb olacaq. Bu da öz növbəsində uzun illər sanksiya altında yaşayan İranın maliyə imkanlarına ciddi təsir göstərəcək.

Yekun olaraq onu demək mümkündür ki, dünyada müasir texnologiyaların sürətli inkişafı alternativ enerji tələbatına olan marağı daha da artırır. Alternativ enerjinin imkanlarının genişlənməsi dünyada neftə və qaza olan tələbatı azaldır. Avropa üçün vacib olan ilk növbədə Rusiyadan enerji asılılığını aradan qaldırmaqdır. Rusiyadan fərqli olaraq Azərbaycan Avropaya qarşı enerji diplomatiyası vasitəsilə təziq etmir, əvəzində səmimi tərəfdaşlıq etmək və iki tərəfli ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Bütün bu parametrləri nəzərə almaqla demək olar ki, TANAP və TAP layihəsi regional əlaqələrin daha da güclənməsinə təkan verəklə yanaşı, regionun gələcək təhlükəsizliyinə zəmanət vermiş olur. Azərbaycan və Türkmənistan arasında son imzalanmış anlaşmanı nəzərə almaqla ehtimal etmək olar ki, gələcəkdə Türkmənistanın da TANAP və TAP layihəsinə qoşulmaq istəyi yarana bilər.

Samir Hümbətov, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti