Avro yenə dəyərini itirdi

Bu, ölkəyə daxil olan məhsullara da təsir göstərəcək

Bu il fevralın 3-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0471 manata enib. Avronun əsas valyutalara nisbətdə möhkəmlənməsi fonunda, bu göstərici son iki ayda qeydə alınan ən aşağı göstəricidir.

Hesablamalara görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin dekabrın 1-də qeydə alınmışdı – 2,0328 manat.
Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 2,3 faiz dəyər itirib.

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0224 manat, 1 türk lirənin məzənnəsi isə 0,2362 manata enib.

Yəni manat digər valyutalarla balansını həmişəki kimi saxlayıb. Avro isə qismən də olsa manatla olan həmişəki müqayisəsinə nisbətən dəyər itirib. 

İqtisadçı-ekspert Kazım Məmmədov "Şərq"ə bildirib ki, Azərbaycan manatı bu gün dünya valyutaları sırasında ən dəyərli pullardan biri sayılır:

"Qonşu ölkələrin də milli valyutalarına nəzər salsaq görərik ki, dollar və avro ilə müqayisədə ən dəyərli pul məhz bizimkidir. 

Digər tərəfdən də avroda qiymət azalması məhsulların ölkəyə gətirilərkən daha ucuza başa gələcəyinə zəmin yaradır. 

Qeyd edim ki, avronun manata olan məzənnəsi ən çox ötən ilin sonlarında dəyər itirmişdi. Yeni ildən dollarda artım gözləyirdik. Amma bu dəfə avroda nisbətən artım müşahidə edildi. Hazırkı vəziyyətdə isə əvvəlki günlərin balansı ilə ölçsək avronun təqribən 3 faizə qədər enməsinin şahidi olarıq. 
Onu da deyim ki, qiymətin oynaması məhz avroya xas olan əlamətdir. Düşünürəm ki, bu müddət ərzində avro həmin civarlarda öz balansını saxlayacaq".

Ağarza Elçinoğlu