Pandemiya dövrü: İçki və tütün məhsulları daha çox istifadə olunub

"Bunun da səbəbi pandemiya şəraitində insanların evə qapalı olması, gərgin dövrdən keçməsi ola bilər"

Statistikaya görə, 2020-ci ilin yanvar-dekabr aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 51,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12,6 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,2 faizi elektrik malları və mebelin, 1,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,9 faizi əczaçılıq və tibbi malların, 10,3 faizi avtomobil yanacağının, 17,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 

Göründüyü kimi qida məhsulları ilə yanaşı, içki və tütün məmulatları da siyahıda əsas yeri tutur. 

Vəziyyəti "Şərq"ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, pandemiyanın mənfi təsiri ilə əlaqədar olaraq insanlar içki və tütün məhsullarından daha çox istifadə etməyə başlayıblar:

"Ötən illərin statistikası ilə müqayisədə 2020-ci ilin rəqəmlərində istehlak həcmi ilə bağlı ciddi bir dəyişiklik yoxdur. Sadəcə bəzi məhsulların alışında yüngül artım müşahidə olunur.  Göstərilən rəqəmlərdə ikinci yeri içki və tütün məhsulları tutur.  Sözsüz ki, sağlam həyat tərzinin bir dəbə çevrilməsi hamı üçün vacibdir. Amma təəssüflər olsun ki, virus dönəmində spirtli içkilərə aludəçilik azalmaq yerinə daha da artıb. Bunun da səbəbi pandemiya şəraitində insanların evə qapalı olması, gərgin dövrdən keçməsi ola bilər. Həmin vəziyyətdə insanlar stress və əsəb keçirdikləri üçün belə məhsullara daha çox ehtiyac duyublar. Bunu psixoloji məqam kimi də başa düşmək olar. Çox güman ki, pandemiyanın insanlar üçün yaratdığı diskomfort bu tip məhsulların istehlakında müəyyən artımla nəticələnib".

Aytac Ali