Maşın bazarı: Tam aktivlik 6 aydan sonra başlayacaq

Dizel mühərriki ilə işləyən avtomobillər tədricən tarixə qovuşacaq

Karantin rejiminin yumşalması səbəbilə ölkəmizdə avtomobil bazarı aktivləşməyə başlayıb. 
Pandemiya dövründə insanların çoxu "evdə qal" çağırışına əməl edirdi. Məhz buna görə də maşın bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə olunmağa başlamışdı. Artıq sərt karantin rejiminin aradan qaldırılması ilə əlaqədər olaraq bu sahədə də müəyyən aktivlik gözə çarpır. İl dəyişməsi, manat üzərindəki neqativ təsirlərin getdikcə azalması və bu kimi amillər avtomobil bazarına müsbət təsirlərini göstərməyə başlayıb. 

Bazarda  olan hazırkı situasiya əvvəlki dövrlərə nisbətən bir qədər fərqlidir. Verilən məlumata əsasən dizel mühərriki ilə işləyən avtomobillərə təlabat azalıb. Halbuki, bundan öncə alıcıların əksəriyyəti, xüsusilə taksi sürücüləri dizel mühərrikli maşınlara üstünlük verirdi. Buna səbəb dizelin qiymətinin benzinə nəzərən ucuz olması idi. Lakin indi qiymətlər arasında fərqin azalması benzinlə işləyən avtomobillərə tələbatı artırıb. 



Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert  Elməddin Muradlı "Şərq"ə açıqlamasında bildirib ki, avtomobil bazarında vəziyyətin tam düzəlməsi pandemiya dövründən 6 ay sonra müşahidə oluna bilər:

"Karantin rejiminin və bəzi məhdudiyyətlərin aradan qaldırılması nəticəsində avtomobil bazarında müəyyən irəliləyişlər nəzərə çarpır. İnsanlar arasında avtomobil alıb-satmaq ənənələrinin bərpası öz-özlüyündə çox yaxşı bir haldır. Çünki həmin sahədən yüzlərlə insan qazanc əldə edir. Bu, bir növ, onlar üçün iş yerlərinin də bərpa edilməsi deməkdir. Amma onu da etiraf etmək lazımdır ki, bazarda əvvəlki dövrdə olan aktivliyin çox az hissəsini görmək mümkündür. Müşahidə olunan bu hal çox təbiidir.

Pandemiya və ardınca müharibə şəraiti insanların büdcəsinə olduqca mənfi təsir göstərib. Hazırda avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər çox azdır. Adətən, insanlar iri mühərrikli avtomobillərini satıb, daha ucuzunu alırlar. Alıcılıq qabiliyyətinə təsir edən başqa bir amil də, taksilərə marağın artmasıdır. Bunun nəticəsində taksi sürücüləri tez-tez avtomobillərini yeniləmək istəyirlər. İndi bazarda əvvəlki illərə nisbətən alıcılıq qabiliyyəti 30-35 faiz təşkil edir. Vəziyyətin tamamilə düzəlməsi ancaq pandemiyadan altı ay sonra ola bilər". 

Ekspert həmçinin qeyd edib ki, yalnız bizdə deyil, əksər ölkələrdə alıcılar dizel mühərrikli maşınlardan imtina edir:

"İnsanların böyük əksəriyyəti hibrid avtomobillərə üstünlük verir. Dizel mühərriki ilə işləyən avtomobillər yəqin ki, yavaş-yavaş tarixə qovuşacaq. Çünki artıq bir neçə ölkə bundan imtina edib. Hətta nəhəng avtomobil istehsalçısı olan Almaniya da dizel mühərrikli maşınlardan istifadə etmir. Ölkəmizdə isə insanların bir qismi hələ də bu tip avtomobillərə maraq göstərir. Amma gördüklərimizə nəzərən deyə bilərik ki, zaman keçdikcə hibrid avtomobillərə tələbat çoxalacaq. Beləliklə, ətraf mühitin qorunması üçün sağlam avtomobil parkına nail ola biləcəyik".

Aytac Ali