Devalvasiya baş verərsə, fəsadları çox olacaq

"Təcrübə onu göstərir ki, qonşu ölkələrdə onların milli valyutalarının ucuzlaşması bizim ölkədə valyuta axınına şərait yaradır"

Artıq bir neçə gündür ki, ABŞ dollarının Türkiyə lirəsinə qarşı məzənnəsi yüksəlməkdə davam edir. Bu, Azərbaycanda da insanlar arasında narahatlığa səbəb olmaqdadır. Bu gün hər kəsi düşündürən bir sual var: Azərbaycanda yaxın müddətdə devalvasiya gözlənilirmi? 
İqtisadçı-ekspert Eldəniz Əmirov "Şərq"in suallarını cavablandırıb. Ekspert bildirib ki, ötən ilin əvvəllərindən pandemiya səbəbindən neft qiymətlərinin ucuzlaşması səbəbindən devalvasiya ehtimalı əsas gündəmə çevrilmişdi. 

E.Əmirov qeyd edib ki, hökumət bu müddət ərzində makroiqtisadi sabitliyi qorumaq üçün manatın məzənnə stabilliyinə çox önəm verirdi. Buna görə də fiskal və monitar siyasət üzrə effektiv koordinasiya səviyyəsini artırırdı: "Eləcə də valyutanın xarici axınına müəyyən məhdudiyyətlər qoyulurdu. Başqa sözlə, ölkədən valyuta çıxışına inzibati və iqtisadi metodlarla maneələr yaradırdı ki, manata olan təzyiq azaldılsın. Lakin 2020-ci ilin sonundan başlayaraq neftin qiymətlərində olan artım tempi devalvasiya olmayacağı ilə bağlı insanlarda bir növ rahatçılıq yaratmağa başladı. Çünki devalvasiyanın olmasına əsas səbəblər bilavasitə tədiyyə balansında olan vəziyyətlə çox bağlı olur. 2021-ci ildə də neft gəlirlərinin qiyməti büdcədən formalaşarkən neftin qiyməti 40 dollar nəzərdə tutulmuşdu. Lakin hazırda neftin satış qiyməti 60-70 dollar arasında dəyişdiyindən, bu, büdcədə tutulmuş qiymətdən 50-60 faiz artıq bir qiymət deməkdir. Bu isə ümumiyyətlə, tədiyyə balansında müsbət istiqamətdə irəliləyişlərin olması deməkdir. Hökumətin devalvasiyaya getməməsi üçün kifayət qədər şans yaradır". 



Ekspertin sözlərinə görə, devalvasiyanın həm müsbət, həm də mənfiləri mövcuddur:

"Devalvasiya gediləcəyi təqdirdə onun müəyyən müsbətləri var. Məsələn, devalvasiya turizm sahəsində əldə olunan gəlirlərə müsbət təsir göstərə bilər. Bir şərtlə ki, ölkəyə kifayət qədər turist axını olsun. Eyni zamanda devalvasiya həm də bilavasitə ixracı stimullaşdırır. Amma nəzərə alaq ki, hazırkı pandemiya dövründə bizim ixrac məhsullarımız o qədər də çox deyil. Ona görə də biz devalvasiyaya getməklə bu istiqamətdə əldə edəcəyimiz fayda çox cüzi olar. Habelə, turizm sahəsi demək olar ki, iflic vəziyyətdədir.

Yəni turistlərdən ölkə üçün faktiki olaraq əldə olunan gəlir hazırkı vəziyyətdə minimum səviyyədədir. Deməli, devalvasiyanın bizə verəcəyi faydalar hazırda çox aşağı səviyyədədir. Lakin devalvasiyanın gətirəcəyi mənfilər isə son dərəcədə çoxdur. Sadəcə olaraq hazırkı vəziyyətdə devalvasiyaya getməklə hökumət ancaq dövlət büdcə kəsirində olan vəziyyəti yaxşılaşdıra bilər.

Necə? Məsələn, belə deyək, hazırda bizim 3,1 milyardlıq bir büdcə kəsirimiz var. Hökumət bu 3,1 milyardlıq büdcə kəsirini formalaşdırmaqdan ötrü tutaq ki, 1,7 manata olan dolları devalvasiyaya gedərək iki manata qaldırdı. Onda 30 qəpiklik manatın ucuzlaşması baş tutacaq. O zaman nə baş verəcək? 10 milyardlıq dollarlıq bir vəsaiti hökumət manata çevrirərək, 17 milyard manat əldə edərək büdcəyə yatıracaq.

Amma dollar iki manat olarsa, o zaman hökumət sadəcə olaraq 30 qəpiklik devalvasiyadan istifadə edərək 10 milyard dolları 20 milyard manata çevirəcək. 20 milyarda çevirdiyi zaman avtomatik 3 milyard manat əlavə vəsait əldə etmiş olacaq. Yəni 30 qəpiklik bir devalvasiya ilə hökumət bu il olan büdcə kəsirini demək olar ki, bağlanmış olacaq. Lakin devalvasiya özündən sonra elə bir ciddi problemlər yarada bilər ki, hökumət heç 3 milyardla deyil, daha böyük fəsadlarla üzləşə bilər. Bu fəsadların aradan qaldırılması üçün daha böyük vəsaitə və daha çox resurslara ehtiyac duyulacaq. İqtisadiyyatın əksər sahələri ciddi zərər görmüş olar. Buna görə də, hökumət əvvəldə qeyd etdiyim kimi, makroiqtisadi sabitliyi əsas götürür. Makroiqtisadi sabitliyi saxlamaqdan ötrü də manatın məzənnə stabilliyinə önəm veriləcək. Bu baxımdan düşünmürəm ki, bizdə devalvasiya bu ilin sonuna qədər olsun. Hazırkı vəziyyətlər bunu diktə edir". 

E.Əmirov türk lirəsinin ucuzlaşmasına da münasibətini bildirib:

"Türk lirəsinin ucuzlaşmasının təbii olaraq bizə mənfi təsirləri olacaq. Lakin türk lirəsinin ucuzlaşması Azərbaycanda da devalvasiyanın olacağı ilə bağlı fikirlərə gətirib çıxarmamalıdır. Çünki lirənin ucuzlaşması müəyyən mənada təbii ki, bizim orda ixrac etdiyimiz məhsulların türk məhsullarına rəqabətdə uduzmasına səbəb olacaq.

Düzdür, lirənin ucuzlaşması ilə bizə gələn türk mallarının qiyməti aşağı olacaq. Bu da Türkiyədən bizə gələn malların daha ucuz qiymətə satılmasına gətirib çıxaracaq ki, bu da ilk növbədə istehlakçılar üçün sərfəli olacaq. Yəni türk məhsullarının əmtəələrinin aşağı olması kimi qiymətləndirilə bilər. Bu onun müsbət tərəfidir. Lakin mənfi tərəfi odur ki, eyni çeşiddən, eyni spesifikasiyadan olan bizim məhsullarımız məhz ucuz başa gələn türk məhsullarına rəqabətdə qiymət baxımından uduzacaq.

Ekspertin sözlərinə görə, təcrübə onu göstərir ki, qonşu ölkələrdə onların milli valyutalarının ucuzlaşması bizim ölkədə valyuta axınına şərait yaradır:

"Başqa sözlə, bizim ölkədən valyuta çıxarılaraq həmin ölkələrdə daha çox daşınmaz əmlak sahiblənmə istəyini artırır. Bu da ölkəmizdən kütləvi valyuta axını deməkdir. Təbii olaraq bu da dolayı yolla manata olan təzyiqi artırmış olur. Ona görə də 2015-ci ildə olan valyuta axını kimi bir axının olmaması üçün hökumət qabaqlayıcı tədbirlər görməlidir. Biz hazırda bu istiqamətdə müəyyən qabaqlayıcı addımların atıldığını da müşahidə etməkdəyik".