Günəş enerjisi çox ucuz başa gəlir


"İşğaldan azad olunmuş regionlarda böyük potensial var, əsasən də Araz boyu rayonlarda"

Gələcəkdə əhalinin elektrik enerjisindən pulsuz istifadə etmək şansı yaranacaq

Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 faizədək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb. Nazir bildirib ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə bp ilə fəal işbirliyimiz Qarabağa  xarici sərmayənin gətirilməsini təmin edəcək”.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli  bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında alternativ və bərpa olunan enerjidən istifadə edilməsi bir prioritet kimi elan edilib. O qeyd edib ki, artıq bir çox layihələrdə bərpa olunan elektrik enerjisindən yəni ekoloji təmiz, yaşıl enerjidən istifadə nəzərdə tutulub:

"Bu layihələrdən biri də günəş elektrik stansiyalarının işğaldan  azad olunmuş torpaqlarda tikilməsi ilə əlaqədardır. Dünyada günəş enerjisi ən effektiv, alternativ enerji sayılır. Son illər yeni texnologiyaların tətbiqi, yeni günəş panellərinin kəşf edilməsi və istehsala başlaması günəş enerjisinin maye dəyərini xeyli ucuzlaşdırıb. Təqribən 15 il bundan qabaq günəş enerjisinin bir kilovatı 28-30 sentə başa gəlirdisə, indi 1,5-2 sentə başa gəlir. Yəni bu, ən ucuz elektrik enerjisi sahələrindən biridir. Bu anlamda Azərbaycanın da böyük potensialı var. Xüsusən, işğaldan azad olunmuş regionlarda böyük potensial var, əsasən də Araz boyu rayonlarda".

N.Cəfərli əlavə edib ki, Azərbaycanın bir çox ölkələrlə və şirkətlərlə günəş elektrik stansiyalarının tikilməsi ilə bağlı danışıqlar aparıldığı da bilinir:

"Artıq bir neçə belə memorandum da imzalanıb. Bunlardan  biri də  "British Petrol" şirkətidir ki, onunla ilkin danışıqlar aparılır. bp şirkəti Azərbaycanın işğaldan azad olunmuş rayonlarında günəş elektrik stansiyaların tikilməsi ilə bağlı artıq məramını bəyan edib. Günəş elektrik stansiyalarının tikilməsinin üstünlüyü ondan ibarətdir ki, birincisi, ekoloji cəhətdən ən təmiz elektrik enerjisi sayılır. İkincisi, işğaldan azad olunmuş ərazilərə başqa yerlərdən uzun xətlərlə elektrik enerjisinin gətirilməsinə  ehtiyac qalmayacaq və bununla da əlavə xərclərə ehtiyac qalmır. Yəni istehsal yerli və lokal xarakter daşıyır. Üçüncüsü, gələcəkdə əhalinin bu prosesə qoşulacağı gözlənilir. Əhali üçün inşa edilən evlərin dam örtükləri günəş panelləri ilə örtüləcək ki, bu da onların elektrik enerjisinə ehtiyacını tam ödəyəcək və pulsuz olaraq elektrik enerjisindən istifadə etmək şansı yaradacaq".