Mübariz Mənsimov bacarıqlı iş adamıdır

O, qısa zamanda əvvəlki reputasiyasını və iş dövriyyəsini bərpa edəcək

"Gələcəkdə Mübariz Mənsimov həm Türkiyənin, həm də Azərbaycanın biznes mühitində özünəməxsus yerini tutacaq"


“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun ev həbsi üzərindən götürülüb. Artıq azərbaycanlı biznesmen işə də çıxır. Mənsimovun köməkçisi Fidan Quliyeva deyib ki, iş adamı donüşü ilə əlaqədar əməkdaşların qarşısında çıxış edib və artıq yeni səhifənin açıldığını söyləyib: “350 gün nələr yaşadığınızı bilirəm. Geriyə, keçmişə baxmadan yalnız irəli gedəcəyik. İnanıram, daha yaxşı günlər bizi gözləyir”.

Ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılan M.Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş və o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı. İndi isə iş adamı iyunun 29-da İstanbuldan çıxmama şərtiylə ev həbsindən azad olunub. Azərbaycanlı iş adamı Mübariz Mənsimov haqqında, xüsusən FETÖ ilə əlaqəsinin olub-olmaması, “Palmali” şirkətlər qrupunun fəaliyyəti barədə son dönəmlər xeyli müzakirələr getdi. Əksəriyyət həbs olunan iş adamına dəstək verərək onun azadlığını tələb etdilər. Mənsimovun Azərbaycana, soydaşlarımıza xeyli iqtisadi fayda verdiyi, ölkəmiz üçün önəmli şəxs olduğu vurğulandı. Hətta bu məsələni iki qardaş ölkə arasında problem yaradacaq amil kimi şərh edənlər də oldu. Nəticədə bir müddət sonra azərbaycanlı biznesmen işinə geri döndü. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə deyib ki, gec də olsa, hüquqi prosedurlar çərçivəsində iş adamı Mübariz Mənsimovun haqlarının bərpa olunması və yenidən iş həyatına qayıtması pozitiv hadisədir. Ekspertin sözlərinə görə, M.Mənsimov iş həyatında bacardığı qədər Azərbaycana yardımlar edib:

“Ölkəmizlə daim əlaqədə olub, tələbələrə maliyyə dəstəyi göstərib, insanlara yardım edib və s. M.Mənsimovun Azərbaycana bağlılığı göz önündədir. Yenidən iş başına dönməsi isə maliyyə problemlərinin həll olunmasında mühüm rol oynayacaq. Ona qarşı irəli sürülən ittihamların əsası olsaydı, suçlamalar təsdiqlənsəydi, yəqin ki, məhkəmə bu cür qərarlar verməzdi. Deməli, M.Mənsimova qarşı iddiaların ciddi sübutu olmayıb. Bu, hansısa maraqlar toqquşması çərçivəsində qurulan işə bənzəyir. Azərbaycanlı iş adamının bacarıqlı olduğunu nəzərə alsaq, qısa zamanda əvvəlki reputasiyasını və iş dövriyyəsini bərpa edəcəyini düşünürəm. Gələcəkdə Mübariz Mənsimov həm Türkiyənin, həm də Azərbaycanın biznes mühitində özünəməxsus yerini tutacaq”.