Qanuna dəyişiklik çox uğurlu və faydalıdır

Hərbi xidmətə cəlb olunmuş uşaqlı şəxslərin hər bir övladına ayda 100 manat ayrılması böyük yardımdır

Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına “Sosial müavinətlər haqqında” Qanununa uyğun olaraq aylıq müavinət ödənilməsi digər qanunverici aktlarda da nəzərə alınır. Uyğunlaşdırılan dəyişikliklərə əsasən, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu zaman hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək. Bu növ sosial müavinətlər müddətli həqiqi hərbiçilərin 16 yaşına çatmamış uşaqlarına aylıq olaraq veriləcək. Ekspertlərin fikrincə, bu addım sosial xarakter daşıyır və məqsəd müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu ailələrinin sosial təminatını gücləndirməkdir. 

İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə bildirib ki, bu addım dövlətin sosialyönümlü layihələrinin tərkib hissəsidir. Onun sözlərinə görə, çox uğurlu və faydalı dəyişiklikdir:

“Əslində bu addım başlanğıcdır, start mərhələsindədir. Yəni stimullaşdırıcıdır. Şübhə yox ki, sosial müavinətlərlə bağlı qərarlar davamlı olacaq və əhalinin əksər təbəqəsini əhatə edəcək. Nəzərə alaq ki, bu cür qərarlar üçün ilk növbədə hökumətin maliyyə dayanıqlığı olmalıdır. Hazırda maliyyə dayanıqlığımız qənaətbəxşdir. Hərbi xidmətə cəlb olunmuş ailəli və uşaqlı şəxslərin hər bir övladı üçün ayda 100 manat alması çox böyük yardımdır. Düzdür, istehlak səbətini ödəməyə bilər, amma istənilən halda ailəyə ciddi dəstəkdir. İqtisadi cəhətdən də, sosial baxımdan da təqdirəlayiq haldır”.