"Zəngilan bölgənin logistik habına çevriləcək”

“Füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var”. Bu barədə “Şərq”ə millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. 
Deputat bildirib ki, 5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir: 

“Zəngilanda turizmin inkişafı əhəmiyyətli rol oynayacaq. Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur. Qeyd edim ki, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil, onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistic habına çevirəcək”.

İqtisadçı deputat qeyd edib ki, Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir: 

“Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlərə başlanılıb. Yaxın zamanlarda limanın tikintisinin də sürətlənəcəyi gözlənilir.  Zəngilan şəhərində infrastruktur layihələrində çalışan vətəndaşlarımız ilə də görüşüb söhbətləşdik. Hamının üzündə sevinc və qürur var. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq”.