"Azərbaycanın sosial-iqtisadi göstəricilərində pozitiv meyillər..."

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, xüsusən ötən 10 il ərzində ölkə iqtisadiyyatı əsaslı inkişaf yolu keçib. Son iki ildə pandemiya səbəbindən iqtisadi geriləmə və sosial rifahın düşməsi müşahidə olunsa da, Azərbaycan daxili resurslardan istifadə edərək vəziyyəti kəskinləşməyə qoymayıb. Manatın sabitliyini qorunub, inflyasiya aşağı həddə saxlanıb, dövlət borcunun artmasına və strateji valyuta ehtiyatlarının kəskin azalmasına imkan vermilməyib. Hətta maliyyə-bank sektorunda 2020-ci ilin ilk yarısında yaranan neqativ trendlər, ilin ikinci yarısında müsbətə doğru dəyişib. Böhran bu sektora ”sıçraya" bilməyib. 2020-ci ildə “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mərkəzi Bank tərəfindən ünvanlı likvidlik dəstəyinin göstərilməsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü deyib. Ötən 10 il ərzində Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya malik güclü iqtisadiyyat formalaşdırılıb. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 4 753 manatdan 7 263 manata çatıb. Qeyri-neft iqtisadiyyatının həcmi real ifadədə 1,6 dəfəyə yaxın artaraq 2020-ci ildə 50,8 mlrd. manat olub. Qeyri-neft sənayesində məhsul istehsalı 5 mlrd. manatdan 12 mlrd. manata yüksəlib. 2010-cu ildə Azərbaycan İndeksdə 96-cı yerdən 58 pillə irəliləyərək 2021-ci ildə 38-ci yerdə olub. Azərbaycan ilk dəfə “Orta dərəcədə azad” (“Moderately Free”) ölkələr kateqoriyasından “Əsasən azad” (“Mostly Free”) ölkələr kateqoriyasına yüksəlib.
"Gallup International”ın son sorğularının nəticəsinə əsasən dünyada iqtisadi nikbinlik indeksinə görə Azərbaycan ilk üçlükdə qərarlaşıb. İşğaldan azad edilmiş Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resurslarının Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması, həmçinin yeni reallığa uyğun olaraq regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi iqtisadi inkişafa zəmin yaradacaq. Müzəffər Ali Baş Komandan və ordumuzun yaratdığı yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artmasına şərait yaradacaq. Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerli və xarici sərmayələr hesabına inkişaf etdiriləcək.

Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib ki, Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ölkəmizin regionlarının da davamlı inkişafında mühüm rola malikdir. 

Deputat bildirib ki, bu səfərlər həm də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqların icrası ilə yerində tanış olmaq baxımından mühüm əhəmiyyət kəsb edir: 

"Regionların kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və digər sahələr üzrə potensialından daha da səmərəli istifadə olunması iqtisadiyyatımızın qeyri-neft sektorundan asılılığını minimuma endirəcək. Həmçinin, ölkəmizin dayanıqlı inkişafını təmin etmiş olacaq. Prezident İlham Əliyevin Daşkəsənə, Naftalana və Goranboya səfəri çərçivəsində açılışını etdiyi obyektlər də ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı siyasətin bariz göstəricisidir. Bununla yanaşı, bu səfər zamanı Daşkəsəndə su təchizatı və kanalizasiya sistemlərinin, Goranboyda yeni yolun istismara verilməsi, Naftalanda körpələr evinin açılması sosial sahənin inkişafının daim dövlətimizin diqqət mərkəzində olduğunu nümayiş etdirir. Dövlət başçısı AzTV-yə müsahibəsində cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına ətraflı nəzər saldı və bir sıra önəmli məqamları xüsusi qeyd etdi. Hazırkı reallıqlar fonunda bütün dünyada iqtisadi tənəzzülün müşahidə olunduğu bir vaxtda Azərbaycan iqtisadiyyatında 2 faiz, qeyri-neft sektorunda isə 5 faiz artımın olması çox yaxşı göstəricidir və görülən səmərəli işlərin təzahürüdür. Son illər kənd təsərrüfatı sahəsində görülən işlər də öz müsbət nəticəsini verməkdədir. Bu istiqamətdə altı ay ərzində 5,6 faiz artım əldə edilib. Valyuta ehtiyatlarımızın 1 milyard dollar artması isə xüsusi diqqət çəkən məqamdır. Çünki hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, həmçinin pandemiyanın iqtisadiyyatımıza mənfi təsirləri olub. Lakin bütün bunların fonunda valyuta ehtiyatlarımızda 1 milyard dollar artım olub ki, bu da iqtisadi siyasətimizin doğru istiqamətdə olduğunu göstərir. Bir sözlə, Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya malik güclü iqtisadiyyat formalaşdıran Azərbaycanda son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər pozitiv meyilləri görmək mümkündür". 

A.Əliyev vurğulayıb ki, Prezident bu ilin sonuna qədər azad edilmiş torpaqlarda bütün elektrik təsərrüfatının qurulacağını dedi: 

"Orada 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığın əldə olunduğunu bəyan etdi. Azərbaycan postmüharibə dövrünün gündəliyinin böyük qismini müəyyən edir.  Düşünülmüş siyasət, hücum diplomatiyamız, vaxtında atılmış addımlar sayəsində ölkəmiz müharibədən sonrakı vəziyyətə də tam nəzarət edir və bütün işlər uğurla aparılır. Bununla yanaşı, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın özündə belə siyasi gündəliyin müəyyən hissəsi məhz Azərbaycan tərəfindən formalaşdırılır. Bu gün nəinki regionda, hətta artıq dünya miqyasında ən çox danışılan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir. Bu dəhlizin açılması Ermənistan da daxil olmaqla bölgənin inkişafına, region xalqlarının maraqlarına xidmət edəcək".