Bahalaşma bazarda əl "yandırır"

Ərzaq inflyasiyası artıq 5 faizi keçib

Natiq Cəfərli: "Qiymət artımının inzibati yolla qarşısını almaq mümkün deyil"


Azərbaycanda bu il ümumi qiymət artımının 2017-ci ildən sonra ən yüksək səviyyəyə çatacağı gözlənilir. Xatırladaq ki, 2017-ci ildə qiymətlərin artımı 12,9 faizə yüksəldikdən sonra növbəti ilərdə azalaraq 2-3 faiz intervalında qeydə alınıb. İnflyasiya 2018-ci ildə 2,3 faiz, 2019-cu ildə 2,6 faiz, 2020-ci ildə 2,8 faiz olub. 2021-ci ilin ilk 4 ayının nəticələrinə əsasən, bahalaşma səviyyəsi 4 faizə çatıb. Bu ilin aprelində qeydə alınan qiymət artımı isə əvvəlki ilin eyni ayına nisbətən 4,3 faiz olub.

  Dinamika göstərir ki, 2021-ci ilin ikinci yarısında bahalaşma sürəti bir qədər də güclənəcək. Bunu şərtləndirən bir sıra amillər var.  Birinci əsas amil dünyada əmtəə qiymətlərinin yüksəlməsidir. 2021-ci ilin iyunun 4-nə olan məlumata əsasən, illik müqayisədə düyü istisna olmaqla bütün əmtəələr bahalaşıb. Bahalaşma sürəti əksər əmtəələrdə 20-30 faizi ötür. Bu dərəcədə yüksək bahalaşmada pandemiya ilə əlaqədar istehsalın azalması və son aylarda qlobal tələbin güclənməsi mühüm rol oynayıb. Eyni zamanda neftin dəyərinin son bir ildə 70 faiz yüksəlməsi də bütün əmtəələrin maya dəyərinin artmasına səbəb olub. Daha çox bahalaşma ərzaq mallarında müşahidə edilir. Ərzaq mallarındakı mövcud qiymət səviyyəsi son 10 ilin ən yüksək səviyyəsidir. Azərbaycan ərzaq və qeyri-ərzaq mallarının təxminən 38 faizini idxal edir. Bu, yüksək göstəricidir. Ölkəmizə idxalın həcmi böyük olduğundan xaricdə baş verən qiymət artımları idxal yolu ilə sürətlə Azərbaycana da daxil olur. Ölkəmizdə bahalaşmanın sürətlənməsini şərtləndirən digər mühüm amil daxili tələbin güclənməsidir. Bu il karantin tədbirlərinin yumşalması müşahidə edildi. Qeyd edək ki, məhdudiyyətlərin azaldılması iqtisadi fəallığı artırdığından iqtisadiyyatın gəliri yüksəlir və nəticədə ticarət əməliyyatlarının, pullu xidmətlərin dövriyyəsi böyüyür. Daha çox pul xərclənməsi bahalaşmanı dəstəkləyir ki, bunu da gündəlik həyatda və statistik məlumatlarda görürük. Daxili tələb 2021-ci ilin ikinci yarısında bir qədər də güclənəcək. Bankların kredit qoyuluşunu artırması, dövlət büdcəsindən xərcləmələrin iyul ayından sonra artması, həmçinin karantinin bir qədər də yumşaldılması tələbin güclənməsində mühüm rol oynayacaq. Beləliklə, xarici və daxili amillərin təhlili göstərir ki, 2021-ci ildə bahalaşma səviyyəsi əvvəlki illərdən yüksək olacaq. Bu il ümumi qiymət artımının 5 faizə çatması mümkün görünür.  Bəs genişmiqyaslı bahalaşmanın qarşısını almaq mümkündürmü?

Azərbaycanda əsasən ərzaq məhsullarının son bir ildə kifayət qədər böyük sürətlə bahalaşdığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, rəsmi rəqəmlərə görə, ərzaq inflyasiyası artıq 5 faizi keçib. Ekspert qeyd edib ki, ümumilikdə qeyri-ərzaq və xidmət sahələrini də nəzərə alsaq inflyasiya rəqəmləri son illərin ən yüksək göstəricisindədir:

"Bunun obyektiv səbəbi ondan ibarətdir ki, pandemiyada çox zaman sərhədlərin qapalı olması, logistikanın bahalaşması dövlətlərin daha çox daxili bazarda qoruyucu siyasət yürütməsi ərzaq indeksinin dünyada bahalaşmasına səbəb olub. Yəni obyektiv səbəb bundan ibarətdir. Amma Azərbaycanda təsir göstərən subyektiv səbəblər daha çoxdur. İnhisarçılığın hələ də qalması, məmur biznesi, rəqabətsizlik mühiti, gömrük və vergi siyasətinin doğru qurulmaması nəticə etibarilə Azərbaycanda qiymətlərin yüksəlməsinə səbəb olan əsas amillərdir. Bu il dövlətin verdiyi qərarların da qiyməti artımına ciddi təsiri olub. Bu ilin yanvar ayında dizel yanacağının qiymətinin birdən-birə 34 faiz  artdı".

N.Cəfərli əlavə edib ki, dalğavari şəkildə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında və daşınmasında ciddi bahalaşma oldu ki, bu da maya dəyərinin yüksəlməsinə gətirib çıxarıb:

"Çünki kənd təsərrüfatı sahəsində məhsul istehsalının maya dəyərinin təqribən 40-45 faizini məhz dizel yanacağı təşkil edir. Dizel yanacağının qiymətinin artması istər-istəməz bu sahədə qiymət artımını sürətləndirən əsas amillərdən birinə çevrildi. Yəni buna Azərbaycan daxilində baş verən proseslər daha çox təsir göstərir. Qiymət artımının inzibati yolla qarşısını almaq mümkün deyil. Yəni dövlətin müdaxiləsi, dövlətin qiymət qoyması heç də doğru deyil. Biz dövlətin qiymətə müdaxiləsini sovetlər zamanında şahid olmuşuq. O zaman dövlət tərəfindən qiymətlər müəyyənləşdiriləndə piştaxtlardan hər şey yoxa çıxdı və hər şey piştaxta altında baha qiymətə satılmağa başladı. Ona görə də dövlət qiymətin formalaşmasına birbaşa müdaxilə etməməlidir. Amma dövlət iqtisadiyyatda, o cümlədən iqtisadiyyatın bütün sahələrində ədalətli hakim rolunu oynamalı, rəqabət mühiti genişləndirilməlidir. Kiçik və orta sahibkarlığa gömrük və vergi yolu ilə dəstək olmalıdır. Yəni rəqabət  və oyunçuların sayı artdıqca qiymət tənzimlənməsi baş verəcək".