3 günə büdcə təsdiqlənməz

Parlamentdə normal müzakirələr aparılmalıdır

“2022-ci il dövlət büdcəsi ilə bağlı Milli Məclisdə normal müzakirələr aparılmalıdır”. 

Bu barədə “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, bizim parlament iki-üç saatlıq müzakirələrlə 3 günə büdcəni təsdiqləyir: 

“Halbuki, Avropa ölkələrində, hətta Türkiyədə oktyabr-noyabr aylarından başlayaraq dekabrın sonunadək ətraflı büdcə müzakirələri gedir. Müzakirələr zamanı müxtəlif qurumların, müstəqil ekspertlərin fikirləri, rəy və təklifləri nəzərə alınır. Azərbaycanda isə bu cür detallı müzakirələr olmur. O ki qaldı gələn ilin dövlət büdcəsinə, sosial yönümlü xərclərin artmasını gözləmək əbəsdir. Büdcədə nəzərdə tutulan az miqdarda artım heç də sosial öhdəliklərin genişlənəcəyi anlamına gəlmir. Sosial məsələlərlə bağlı daha ciddi problem ondan ibarətdir ki, bizdə büdcənin 40 faizə yaxını məhz sosial yönümlüdür. Ancaq büdcənin qeyri-şəffaf və qeyri-effektiv xərclənməsi ayrılan vəsaitin vətəndaşlara dəyən xeyrini azaldır. Artım insanlara birbaşa təsir göstərmir. Bu, çox ciddi məsələdir və həm parlamentdə, həm də cəmiyyətdə ciddi müzakirə olunmalıdır”.

N.Cəfərli vurğulayıb ki, Azərbaycanda həmişə təmir-tikinti sahəsinə əsaslı vəsaitlər qoyulub:

“Düşünürəm ki, gələn il üçün əsaslı vəsait qoyuluşu işğaldan azad edilmiş torpaqlar üçün nəzərdə tutulacaq. Burada isə vəsaitlərin azaldılmasından söhbət getmir. Çünki İran və Ermənistanla yeni sərhəd zolaqları yaranıb, təhlükəsizlik xərcləri artıb. Sərhədlərin möhkəmləndirilməsi ciddi zərurətdir. Yəni gələn ilin büdcəsində təhlükəsizlik və infrastruktur xərclərində hansısa azalma olmayacaq. Ancaq sosial xərclərdə ciddi artım gözlənilmir”.

İsmayıl Qocayev