Proqnoz: “Azərbaycan nefti 80-85 dollar aralığında satılacaq”

Azərbaycan neftinin qiyməti 85 dollar həddini ötüb. “Azeri Light” markalı neftin bir barelinin dəyəri 1,59 ABŞ dolları və ya 1,92 faiz artıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 85,15 ABŞ dolları təşkil edib.
 Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

 Mövcud durumun nə zamana qədər belə davam edəcəyi ilə bağlı “Sherg.az”a danışan Neft Araşdırmalar Fondunun rəhbəri  İlham Şaban qeyd edib ki, qiymət artımı bazar ertəsi “OPEK+” çərçivəsində hasilatın səviyyəsinin dəyişilməməsi ilə bağlı verilən qərarla bağlıdır:

 “Yəni iyul ayındakı qərara görə, avqustdan ilin sonuna qədər günlük olaraq hər ay 400 min barel hasilatın artırılması saxlanmalıdır. Bu qərarı da yerində saxladılar. Ona görə də oktyabrın əvvəlində qiymətin dünya bazarında 80 dollara yaxınlaşacağı gözlənilirdi. OPEK hasilatı daha çox artıra və bununla da qiymət artımının qarşısını ala bilərdi. Ancaq belə bir addım atmadı və nəticədə son 3 gündə neftin qiyməti 80 dollardan 85 dollara qədər bahalaşdı. Hazırda emosional bir period yaşayırıq. Yəqin ki, bu həftə ərzində Azərbaycan neftinin 85 dollar olmasını müşahidə edəcəyik. Bundan sonra da neft bir müddət 80-85 dollar aralığında satılacaq”.

 İ.Şaban neftin qiymətlərinə bir çox faktorun təsir göstərdiyini vurğulayıb:

“Həmin faktorların əsası hazırda qazın qiymətləridir. Qazın qiymətlərində gün ərzində rekord göstərici qeydə alınıb. Yəni hazırda neftin qiymətini arxasınca aparan məhz qaz qiymətləridir. Ona görə də qiymətlərin hansı həddə qədər artacağını və sonrada nə qədər aşağı enəcəyini söyləmək çətindir”.